"Ölkədə bir neçə ildir ki, valyuta alış-satışında məhdudiyyətlər tədbiq edilirdi. Məsələn, il ərzində 20 min manat ekvivalentindən çox istənilən valyuta almağa maneələr yaradılırdı, müxtəlif sənədlər istənilirdi. Bu il Mərkəzi Bankın yeni rəhbəri Taleh Kazımovla iki dəfə görüşmüşük, müzakirələr zamanı bu məsələ də gündəmə gəlmişdi".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert xatırladıb ki, Mərkəzi Bank 11 dekabr 2023-cü ildə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” haqqında rəsmi qərar verib:

"Qərarda deyilir ki, vətəndaşlar 500 dollara qədər dollar (avro, funt və s.) alarkən, 10 min dollara qədər satarkən heç bir sənəd tələb olunmayacaq. İl ərzində hər bir vətəndaş 20 min manat dəyərində istənilən valyutanı əsaslandırmadan ala bilər, daha çox almaq istəsə, vəsaitin mənbəyi haqqında məlumat verməlidir. Əgər bu məsələnin qanun-qayda ilə tənzimlənməsi indi qəbul edildisə, bəs banklar bir neçə ildir vətəndaşlardan hansı əsaslarla bu qaydalara əməl etməyi, onlardan sənəd tələb edirdilər? Bu addımlar ölkədən daha az valyuta çıxmasına, vətəndaşın daha az valyutaya yönəlməsinə hesablanıb. Amma SSRİ-də belə pulun qarşısını ala bilmədilər. Cinayət məsuliyyəti olsa da valyuta alış-verişi qara bazarda mövcud idi. Yəni, sərt qaydalarla, məhdudiyyətlərlə bu məsələni tənzimləmək, nəzarətdə saxlamaq mümkün deyil. Kim milyonlarla dollar ölkədən çıxara bilirdisə, eləcə də çıxardacaq, amma sadə vətəndaşlara başağrısı olacaq".