XX əsrin məşhurları – Hollivud ulduzu Merilin Monro və amerikalı naşir, “Playboy” jurnalının yaradıcısı və şef-redaktoru, eləcə də “Playboy Enterprises” şirkətinin banisi Hyu Hefnerə məxsus olmuş əşyalar mart ayında hərraca çıxarılacaq.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərraca qoyulan əşyalar arasında məşhur sarışın qadının həyat və karyerasını əhatə edən kolleksiyanın bir hissəsi kimi don, sifarişlə hazırlanan dodaq boyası, çəkiliş meydançalarından fotolar var.

Kolleksiyada ən bahalı əşya Monronun 1955-ci ildə “Yeddinci ilin həvəsi” filminin çəkilişlərində geydiyi qara ziyafət donudur. Geyimin 200 min dollaradək gəlir gətirəcəyi gözlənilir.

Hərracda Monronun 1962-ci ildə keçmiş Prezident Con Kennedinin ad günü təntənəsində iştirak üçün aldığı biletin kəsilmiş hissəsi və proqram da təqdim olunacaq. Bunların birgə 4000-6000 dollaradək satılacağı ehtimal olunur.

2017-ci ildə dünyadan köçən Hyu Hefnerin kolleksiyasına Endi Uorholun “Dovşan Playboy” orijinal trafaret çapı və Leroy Nemanın 1959-cu ildə kətan üzərində yağlı boya ilə çəkdiyi “Romanovlar” adlı orijinal rəsm kimi incəsənət əsərləri daxildir. “Romanovlar” rəsminin 80 min dollara satılacağı güman edilir.

İncəsənət əsərləri ilə yanaşı, hərracda Hefnerin vaxtilə geyindiyi gödəkcə, ipək gecə libası, başmaq və tənbəki çubuğu təqdim olunacaq.

“Playboy” və Hyu Hefner Fondunun arxivlərindən, eləcə də Merilin Monronun həyat və karyerasından 1000-dən çox artefaktın satışa çıxarılacağı hərrac Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən “Julien's Auctions”da 28-30 mart tarixlərində keçiriləcək.

Hərrac evi kolleksiyanın əsas məqamlarının Honkonq və Şanxayda iki eksklüziv sərgidə nümayiş etdiriləcəyi barədə məlumat yayıb.

Birinci muzey sərgisi yanvarın 27-dən fevralın 1-dək Honkonqda “Fringe” klubunda təşkil olunacaq. Sonra kolleksiya 6-17 mart tarixlərində Şanxayın Huanpu rayonunda nümayiş etdiriləcək, daha sonra Los-Ancelesdəki hərraca yollanacaq.