2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yanvarın 16-da Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zərdab, Ucar, Hacıqabul, Sabirabad və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən subsidiya, güzəştli şərtlərlə kreditin verilməsi, icarəyə texnika ayrılması, işlə təminat, dəymiş zərərə görə sığorta ödənişi, pay torpağının zəbt edilməsi, torpağın sənədləşdirilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili, payızlıq əkinlərin bəyanı, əkinlərin sığortalanması prosesi ilə maraqlanıb. İlhamə Qədimova həmçinin rayonun qabaqcıl fermerləri ilə görüşərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, əkinlərin bəyanı prosesinin təşkili və bəyanların qəbulu ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıb.