"Azərbaycanda növbədənkənar prezident seçkiləri başa çatdı. Bu, yeni mərhələnin başlanması deməkdir. Bu mərhələdə iqtisadi və institusional islahatların dərinləşməsi ilə yanaşı regional stabilliyin güclənəcəyinə də zəmin yaranır".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni dövr bütün sferalarda islahatların dərinləşməsi, Böyük Qayıdışın intensiv davam etdirilməsi və Azərbaycanın geosiyasi, geo-iqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq.

"2023-cü ildə əldə etdiyimiz uğurlar yeni mərhələdə daha da möhkəmləndiriləcək. Ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunması kontekstində iqtisadi islahatların daha da dərinləşməsi prioritetləşməkdədir. Dünənki seçki zəfər seçkisi olmaqla yanaşı, Azərbaycanın uğurlarının güclənməsinə xidmət edəcək. Xalqımız bu seçkidə qalib Prezidentin yanında olmaqla ölkə rəhbərinin siyasətini və eləcə də Qarabağ daxil olmaqla ölkədə həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəklədiyini nümayiş etdirdi".