"Yayılmış video ilə bağlı ilkin araşdırma apardım. Sabah məktəbdə daha detallı araşdırma edəcəyik". 

"Unikal" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib. 

"Elm və Təhsil Nazirliyi yanında İctimai Şura olaraq bu günə kimi hər bir məsələyə  həssas yanaşdığımızı bilirsiniz", - deyə o qeyd edib. 

*** 23:33

"IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkən şagirdlə, həmçinin onun valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb".

"Unikal" xəbər verir ki, bu barədə 156 nömrəli tam orta məktəbdən bildirilib.

"Məktəbin XI sinif şagirdi yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir", - deyə məktəbin məlumatında qeyd olunur.

*** 23:10

Sosial şəbəkələrdə Xəzər rayonu Şüvəlan qəsəbəsi 156 saylı məktəbin şagirdləri tərəfindən digər məktəbliyə qarşı zorakılığa yol verilən görüntülər yayılıb. 

"Unikal" xəbər verir ki, görüntülərdə məktəblini təhqir edən qızlar onun saçını kəsiblər. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə 156 saylı məktəbin yaxınlığında baş verib və həmin məktəbin şagirdlərinin olması hələlik məlum deyil.

"Videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır", - deyə DİN-in açıqlamasında deyilir.