Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə təhsil və iş üzrə  "Smart Business Qroup" şirkətinin direktoru Xəlilov Anar Tapdıq oğlunun məhkəmə prosesi davam etdirilib.

"Unikal"ın məlumatına görə, hakim Səbuhi Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Anar Xəlilov sərbəst ifadə verib:

"Telekanalların bir çoxunda bu şirkətin rəhbəri kimi çıxışlar etmişəm. Bu da mənim şirkətin həqiqi rəhbəri olmağıma sübutdur. Bütün müqavilələr otağımda çəkiliş kamerasının vasitəsilə çəkilib. Xəzər TV-də müsahibəm var ki, bizdə əvvəldən ödəniş olmayıb. Tələbə ali məktəbə qəbul olandan sonra ödəniş olunub, əvvəldən ödəniş olunmayıb. Tələbələri necə yola salmağıma gəlincə, qan analizi alınıb, tibbi müayinədən keçiblər.

Dələduzluq niyyətim olubsa, nəyə görə müqavilə bağlamışam? Onlara bütün proseduru izah eləmişəm. Hər bir qrupu yola salmadan valideyinlərlə görüş keçirmişəm. Pandemiya başlamasına görə sərhədlər bağlandı. Tələbələrin dərsləri xaricdən onlayn keçirildi. Bu distant təhsilə isə bizim tələbələr hazır deyildi". 

Təqsirləndirilən şəxsin çıxışı yarımçıq saxlanıldı və zərərçəkənlərlə Anar Xəlilovun arasında mübahisə yarandı. 

Qeyd edək ki, cinayət işində 5 nəfər zərərçəkmiş qismində tanınıb. 

Məhkəmə mart ayının 12-nə kimi təxirə salındı. 

Azər İsrafilov