Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçmiş həyat yoldaşını qəsdən öldürməkdə təqsirli bilinən İsrafil Dursun oğlu Yusifovun məhkəmə prosesi keçirilib.

"Unikal" xəbər verir ki, proses təqsirləndirilən şəxsə suallarla davam etdirilib. İ. Yusifov hadisəni aliment ilə əlaqədar keçmiş həyat yoldaşının kartına artıq pul göndərməsi ilə əlaqələndirib. Prosesdə hakim cinayət hadisəsi baş verən anın video görüntülərinə baxış keçirib.

Sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə əlaqədar proses iştirakçılarının fikirlərini öyrənib. Etiraz olmadığı üçün hakim dövlət ittihamçısına çıxış ilə bağlı söz verib. Dövlət ittihamçısı İ. Yusifovun 19 il müddətinə azadlıqdan məhrum etməsini istəyib. Zərərçəkmişdə dövlət ittihamçısının fikri ilə razı olduğunu bildirib. Təqsirləndirilən hüquqlarını müdafiə edən vəkil çıxış üçün hakimdən vaxt istəyib. 

Məhkəmə prosesi mart ayının 11-nə kimi təxirə salınıb. 

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində qeydə alınıb. 1980-ci il təvəllüdlü İ.Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı 1986-cı il təvəllüdlü Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Azər İsrafilov