2023-cü ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 126 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirib ki, həmin dövrdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub.

Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 90 təşkilatda yoxlamalar aparılıb. Həmin təşkilatlarda qeyd edilən dövr ərzində 4636,3 mln. manat məbləğində vəsaitin təyinatına istifadəsi və gömrük ödənişləri şəklində dövlət büdcəsinə daxil olmuş 18 663,6 mln. manat məbləğində vəsaitlərin hesablanmasının düzgünlüyü yoxlanılıb. Qeyd edilən 90 təşkilatda yoxlamalarla 586,9 mln. manat məbləğində artıq və əsassız ödənişlər, 131,9 mln. manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin dövlət büdcəsinə az ödənildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən 36 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 2083,5 mln. manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb. Həmin təşkilatların 35-də 1635,1 mln. manat məbləğində vəsaitin istifadəsinin yoxlanılması ilə bu təşkilatlarda 4,9 mln. manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib. Həmin vəsaitlərin 3,7 mln manat hissəsinin nəzarət tədbirlərinin gedişində  bərpası təmin edilmiş və 1,2 mln manatının isə bərpa olunması ilə əlaqədar tədbirlər görülür. İş planına əsasən 1 təşkilatda aparılan nəzarət tədbiri ilə 448,4 mln. manat məbləğində vəsaitin istifadəsi əhatə olunub, bu  təşkilatda aşkar edilmiş 3,1 mln. manat məbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 59 nəfər vəzifəli şəxsə 57,3 min manat məbləğindəcərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. 

Xidmət tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.