Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin məhkəməsi başlayıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə 1966-ci il təvəllüdlü, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 2000-ci ilə kimi qüvvədə olan qəsdən adam öldürmə maddəsi, həmçinin 217.2-ci maddəsi ilə təqsirləndirilən Zərbəliyev Hüseynağa Fərrux oğlunun hazırlıq iclası zərərçəkmiş Bayramov Tofiq Əli Abbas oğlunun iştirakı olmadan keçrilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı qismində Eldar Həmzə iştirak edib. 

Növbəti məhkəmə prosesi mart ayının 29-na təyin olunub. 

Qeyd edək ki, H.Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən olunub ki, H.Zərbəliyev qeyriləri ilə sabit silahlı qrupun (banda) törətdiyi basqında iştirak edərək Tofiq Bayramovu həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum edib.

O, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun paytaxt sakini Tofiq Bayramova basqın edib onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədilə təşkil etdiyi sabit silahlı qrupa - bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri ilə birlikdə üzv kimi daxil olub.

Təqsirləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədovla (vəfat edib - red.) əlaqəsinin olduğu bildirilir.

Azər İsrafilov