Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Unikal" xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Daha sonra hakimlər müşavirəyə gedib və qayıdaraq hökmü elan ediblər. Hökmə əsasən, M.Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.