Artıq dördüncü ildir ki, bayramları, əlamətdar günləri fərqli ovqatda, böyük ruh yüksəkliyi ilə qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz 30 ildə hər  bayram günlərində dilədiyimiz arzuları reallıqla əvəzlədi. 30 ildə xalqımız bu arzu, amal ilə yaşayırdı ki, torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, bu torpaqlarda yeni həyat başlasın.

Bunu "Unikal"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə deyib.

"Bu arzular artıq gerçəklikdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə elə bir qəhrəmanlıq səhifəsi yazdı ki, həmin Zəfər bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandırdıqdan sonra Azərbaycan xalqına bayram təbrikində qeyd etdiyi kimi, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaq və bu torpaqlarda həyat qaynayacaq". 

Vüqar Rəhimzadə vurğulayıb ki, hər bir bayram tədbiri bir hesabat xarakteri daşıyır. Prezident İlham Əliyevin çıxışı 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları barədə aydın təsəvvür yaradır. Tarixi Zəfərimizə gedən yol məlumdur. Azərbaycan işğalın davam etdiyi illərdə münaqişənin sülh yolu ilə həllinə səy göstərdi. Ermənistan isə əksinə qeyri-konstruktiv mövqeyi ilə məsələnin həlli prosesinin 30 il uzanmasına səbəb oldu. Düşmən danışıqlara imitasiya naminə qatılaraq vaxt qazanmağa çalışdı. Azərbaycan bu illər ərzində hər bir sahədə  inkişaf etdi, zəngin təcrübəsi ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin bayram təbrikində qeyd olunduğu kimi, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşdı. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər getdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı  mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdi,  münaqişənin həlli üçün hüquqi,  siyasi zəmin yaradıldı. Ölkəmiz  iqtisadi inkişafa nail oldu. İqtisadi müstəqilliyimizin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi. Güclü iqtisadiyyat  imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanda son 20 ildə ordu quruculuğu sahəsində görülən işlərdən, əldə edilən uğurlardan bəhs edib. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndi, beynəlxalq standartlara uyğun şəkildə formalaşdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Ordumuz Qələbəyə hazırlandı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər Azərbaycan Ordusu hansı gücə, imkanlara malik olduğunu 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri də gənclərin torpaq, Vətən sevgisi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, elə bir gənc nəsil yetişdirildi ki, bu nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq. Bu nəsl bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirdi. Gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi. Məhz gənc nəslin misilsiz  qəhrəmanlığı sayəsində şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanı döyüş meydanında alındı. Ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etdik.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə unuda bilməyəcəyi dərsi versə də düşmən bundan nəticə çıxarmadı. Tarixi Zəfərimizdən ötən üç ilin reallıqlarına diqqət yetirsək görərik ki, işğalçı dövlət 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmədi, qanunsuz silahlı birləşmələri ərazilərimizdən çıxarmadı, hərbi təxribatları ilə diqqətdə oldu. Bu vəziyyət lokal antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn,  Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. Bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Cari ilin mühüm hadisələrindən bəhs edərkən yeni dövrün başlanğıcı olan 7 fevral prezident sekiləri xüsusi qeyd edilir.  Fevralın 7-də Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi  qürurverici hadisələrimiz sırasındadır.

YAP Xətai rayon təşkilatının sədri  Qələbəmizin növbəti rəmzindən bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinin əsas meydanında Novruz tonqalını alovlandırarkən bu meydanı “Zəfər meydanı” adlandırdı. Dövlət başçısı İlham Əliyevin bu meydanda Novruz tonqalını alovlandırması, Azərbaycan xalqını Xankəndidən təbrik etməsi Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesaj oldu. Bir daha bütün dünyaya bəyan edildi ki, bu torpaqların əsil sahibi bizik. Prezident İlham Əliyev təbrikində bu mühüm məqama da diqqəti yönəltdi ki, bu ilin 26 fevral tarixində Xocalı şəhərində xocalılılarla birlikdə Xocalı Memorial Kompleksinin təməli qoyuldu. Xankəndidəki qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası həmin tarixdə  sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı.

Vüqar Rəhimzadə  bildirib ki, Prezident İlham Əliyev artıq dörd ildir  Novruz tonqalını işğaldan azad edilmiş ərazilərimizdə alovlandırır. 2021-ci ildə bu sevinci Qarabağın tacı Şuşa, 2022-ci ildə Suqovuşan, ötən il Talış kəndi yaşadı. Müzəffər Ali Baş Komandan bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırıb. Xankəndi şəhərindən Azərbaycan xalqına Novruz təbriki də mühüm çağırışlarla, mesajlarla zəngin oldu. Dövlət başçısı bəyan etdi: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.