Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir. Əlbəttə ki, bu məsələlərin həlli birbaşa olaraq yüksək ixtisaslı mütəxəssislərdən, sahə üzrə kadr potensialından aslıdır. Bəs, görəsən, ölkəmizdə vəziyyət necədir? İndi və yaxın gələcəkdə lazım ola biləcək kadr potensialı formalaşdırılırmı?

"Unikal" Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan əvəzi dosent Elgiz Həsənovun müsahibəsini təqdim edir: 

- Elgiz müəllim, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ən böyük fakültələrindəndir. Maraqlıdı, hazırda fakültədə neçə tələbə təhsil alır və hansı ixtisaslar tədris olunur? 

Doğru qeyd edirsiniz, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi böyükdür. Bununla yanaşı, ixtisaslar baxımından da genişdir. Fakültədə 5 ixtisas üzrə həm əyani həmdə qiyabi formada mütəxəssis hazırlığı həyata keçirilir. “Kommünikasiya sistemləri mühəndisliyi, Meliorasiya mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Neft qaz mühəndisliyi”  ixtisasları üzrə ümumilikdə 1571 tələbə təhsil alır ki, onlarda 1045 oğlan 526-sı qızlardır. Bu ixtisaslar Azərbaycan, rus və ingilis dillərində kifayət qədər səriştəli müəllimlər tərəfindən tədris olunur.

Adlarından da göründüyü kimi tədris olunan ixtisasların hamısı çox aktualdır. Həm qlobal, həm də ölkə səviyyəsində su, ekologiya, enerji efektivliyi ilə bağlı problemlərin həlli fakültdə tədris olunan ixtisasların əhəmiyyətlilyini artırır. Hər il fakültəni orta hesabla 200 tələbə bitirir və onların böyük əksəriyyəti öz ixtisası üzrə işlə təmin edilir. Düşünürəm ki, bu rəqəm tələbata nisbətdə azdır və bizim hədəfimiz tələbə sayını, dolaysı ilə məzun, ixtisaslı mütəxəssis sayını artırmaqdır. 

- Belə bir deyim var ki, gələcəkdə 1 litr su 1 litr benzindən daha baha olacaq. Azərbaycanın içməli su ehtiyatlarının az olmasını nəzərə alsaq, su təsərrüfatı üzrə kadr hazırlığının əhəmiyyəti daha da artır...

Statistik mlumatlara əsaslanaraq demək olar ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhdud olmaqla bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da, Azərbaycanda  adambaşına düşən su miqdarı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir.  Bu, ilk növbədə Azərbaycandakı su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Azərbaycanın su ehtiyatı 30,9 milyard kubmetr təşkil edir və onun 33 faizi daxili sulardır, 66 faizi isə transsərhəd çayların hesabına formalaşan sulardır. 

Təkcə bu faktlar su təchizatının səmərəli istifadəsinin çox vacib məsələyə çevrilməsi üçün yetərlidir. Bununla yanaşı, qlobal problemləri də gözardı etmək olmaz. İqlim dəyişikliyi, qlobal istiləşmə, şirin su hövzələri üzərində gedən siyasi-iqtisadi mübarizə su təchizatı məsələsini strateji nöqtəyə daşıyır.  

Əlbəttə ki, su təchizatımızla bağlı yarana biləcək problemlərin həlli üçün ən başlıca vəzifə sahə üzrə savadlı, yüksək hazırlıqlı, beynəlxalq tendensiyalara hakim milli kadrlar yetişdirməkdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə içməli su ehtiyatlarının səmərəli istifadəsi istiqamətində irəli sürülən konsepsiyada yaxın gələcək üçün suyun toplanılması, mühafizəsi, təkrar emalı istiqamətində görüləcək işlərin vacibliyi vurğulanıb. Su eytiyatlarının səmərəli istifadəsi hər zaman respublika rəhbərliyinin diqqət mərkəsində olub. Bildiyimiz kimi işğaldan azad olunmuş Qarabağ iqtisadi zonasında su eytiyatların artırılması və səmərəli istifadəsi məqsədi ilə böyük layihələr işlənilib və hazırda onların bir çoxu icra olunmaqdadır. Cənab  Prezidentin su ilə bağlı keçirdiyi müşavirədə meliorasiya işlərini yaxşılaşdırılması, əkin sahələrinin artırılması, ərzaq təhlükəsizliyin təmin olunması, eneji istehsalının artırılması və digər məsələlər geniş müzakirə olundu. Qeyd olunmuş məsələlərin həlli üçün hazırlıqlı kadrların yetişdirilməsi və yeni müasir texnolojiyanın tədbiq edilməsini vacib məsələ kimi ortaya qoyuldu. Təbii olaraq, bu çağırışlar və tələblər, universitet olaraq bizim öhdəliyimizi artırıb. Bu səbəbdən də fakültəyə qəbul olunan tələbələrin sayı hər il artırılır. 

- Əlbəttə ki, tələbat ödənilməlidir və buna görə də tələbələrin sayı artırılır, bəs, kefiyyət necə, artırılırmı?

Kadr hazırlığı ciddi bir prosesdir və bu məsələdə bir çox amillər rol oynayır. Burada savadlı professor-müəllim heyətinin səmərəli işini və eləcə də universitetin maddi-texniki bazasının müasir tələblərə cavab verməsini qeyd etmək yerinə düşərdi. Universitet rəhbərliyi tədrisin kefiyyətinin yüksəldilməsi üçün böyük potensial sərf edir, xarici əlaqələr genişləndirilir, elmi-texniki potensial gücləndirilir.

Son illər fakültədə hidrotexniki qurğular, bərpa olunan enerji, elektronika  və elektrotexnika yönlü  yeni müasir tələblərə cavab verən laboratoriyalar yaradılıb. Bu laboratoriyalarda tələbələrin aldıqları nəzəri biliklər təcrübə yolu ilə artırılır.  

Fakültədə fəaliyyət göstərən kafedraların professor-müəllim heyəti istehsalatla sıx əlaqədə olurlar. Bu istiqamətdə aparılan elmi araşdırmaların istehsalata tədbiq edilməsi universitetlə istehsal müəssisələrinin qarşılıqlı iş birliyini yaradır. Son illər xarici universitetlər və elmi müəssisələrlə qarşılıqlı iş birliyinin yaradılmasına da diqqət artırılır. Qardaş Turkiyə respublikası, Qazaxstan respublikasının universitetləri ilə iş birliyi, tələbə və müəllim mübadilə proqramları sürətlə həyata keçirilir. Hər il bizim 20 tələbəmiz Türkiyəyə göndərilir və İstanbul Su Kanal İdarəsində (İSKİ) təcrübə keçirlər. 

- Bildiyimiz qədərilə Siz uzun illər istehsalatda fəaliyyət göstərmisiniz. Necə düşünürsünüz, istehsalatın kadrlardan gözləntiləri nədir və fakültə bu gözləntiləri ödəyə bilirmi?

Doğru söyləyirsiniz, mən 19 il istehsalatda çalışmışam və onu dəqid bilirəm ki, savadlı kadrların formalaşması üçün universitetdə aldıqları bilikləri praktiki işlərlə əlaqələndirdikdə nəticə əldə etmək olar. Bunun üçün illərin təcrübəsi və işgüzarlıq tələb olunur. 

Son illər fakültə tərəfindən tövsiyyə olunan onlarla məzunumuz müxtəlif layihə institutunda işlə təmin olunub və hazırda onlar haqqında müsbət rəy alırıq və bu, bizi sevindirir. Bizim tələbələr “Azər-istilik” ASC, “Sukanal Elmi tədqiqat və layihə İnstitutu”, Azərbaycan Dövlət su təsərrüfatı obyektlərinin layihələndirilməsi İnstitutu”larında, SOCAR-da, “Azərsu” ASC-də, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də və digər böyük təşkilatlarda çalışırlar. Onlar həmin təşkilatlarda mühüm vəzifələr icra edirlər. 

Məzunlarımızın işlə təminatına, sahə üzrə qurumların bizim məzunlarımıza göstərdikləri marağa baxanda deyə bilərik ki, biz istehsalatın gözləntisini doğrulduruq, amma bu son deyil. Fakültə olaraq daha peşəkar və daha hazırlıqlı mütəxəssis yetişdirilməsi üçün çalışırıq. Fürsətdən istifadə edərək, istehsalata səslənirəm və onları da hazırlığı prosesinə qoşulmağa çağırıram. 

- Biz su təsərrüfatı üzrə bir sıra məsələyə toxunduq, amma fakültədə həm də mühəndis kommunikasiya sistemləri üzrə kadr hazırlığı həyata keçirilir...

Su təsərrüfatı dedikdə biz geniş aspekti əhatə etməliyik. Burada suyun komplek məqsədli istifadəsi, su ehtiyatlarının artırılması və onun səmərəli şəkildə istismarı bu sahədə təhsil alan meliorasiya mühəndisliyi və kommunikasiya sistemləri mühəndisliyi tələbələrindən böyük məsuliyyət tələb edir. Yəni kommunikasiya sistemləri mühəndisliyi üzrə hazırlıqlı mütəxəsissiniz yoxdursa, təkcə meliorasiya mühəndisi problemi həll edə bilməyəcək. Bu istiqamətlər zəncir kimi bir-birinə bağlıdır. Əgər biri olmasa, zəncir qırılacaq və istənilən nəticəni əldə etmək mümkün olmayacaq. 

Məsələn, professor Həsən Feyziyevin duzlu suların yumşldılması (dəniz suyunun şirin suya çevrilməsi) istiqamətində çox qiymətli tədqiqatları mövcuddur. Dəniz suyunun təmizlənməsi və əhaliyə istifadə üçün verilməsi yaxın gələcəyin əsas məsələlərindən biri ola bilər. Bu istiqamətdə gələcəkdə müəyyən startapların işlənməsi və bu layihədə tələbələrin birgə iştirakı nəzərdə tutulub. Layihələrə başlayanda meliorasiya mühəndisləri ilə yanaşı, kommünikasiya sistemləri mühəndisləri, ekologiya mühəndisləri, rlektrik və elektronika mühəndisləri də prosesdə aktiv iştirak edəcəklər. 

Bizim fakültədə enerji səmərəliyinin artırılması və bərpa olunan enerji məmbələrinin işlənməsi istiqamətlərində də çoxlu işlər görülür. Fakültədə çalışan professor və müəllimlərimiz Zəngilanın Ağalı kəndidə inşa edilən “ağıllı evlər” layihəsində və smart texnologiyaların tədbiqində ekspert qismində yaxından iştirak ediblər. Bu istiqamətdə aparılan araşdırmalar indi də davam etdirilir. 

Meliorasiya  və su təsərrüfatı tikintisi kaferdasının əməkdaşları kiçik çaylarda elektrik stansiyaların iş prinsipinin yaxşılaşdırılması istiqamətində elmi məqalələr yazmış və alınmış nəticələri istehsalata tədbiq edilməsini tövsiyə ediblər. Yəqin ki, yaxın gələcəkdə bunun müsbət nəticəsindən bəhrələnəcəyik. 

Mütəxəsis hazırlığı üçün əsas məsələlərdən biri də xarici ölkələrdə olan təcrübənin öyrənilməsidir. Bunun üçün mütəmadi olaraq fakültədə xarici universitetlərdən dəvət olunmuş professor və aparıcı mütəxəsislərin seminarları keçirilir. Bu tip tədbirlər keçirilməsi tələbələrin mütəxəsis kimi formalaşmasında rolu böyükdür.