Prezidentliyə namizədlər kimlərdir?
Prezidentliyə namizədlər kimlərdir?
Əksər namizəd sadəcə pedoqoq kimi fəaliyyət göstərir

Azərbaycanda prezident seçkilərinə təxminən 1 ay qalıb. Və prezident olmaq istəyənlərin sayı nə az , nə çox düz 20 nəfərdən artıqdı.Çox maraqlıdır ki, ötən seçkilərdən fərqli olaraq bu dəfə həm namizədlərin sayı çoxdur, həm də namizəd olan şəxslərin öncələr seçdikləri peşə maraqlıdır.
Əlimizdə olan siyahını saf-çürük eləsək aydın olur ki, namizədlərin çox az bir hissəsi siyasətlə məşğul olur. Dövlət idarəetməsinə gəldikdə isə hazırkı prezident İlham Əliyevdən başqa bu sahədə təcrübəsi olan yoxdur. Gəlin namizədlərin kimliyinə və peşələrinə baxaq. Öncə hazırki prezident İlham Əliyevə nəzər salaq. O, 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 2003-cü ildə isə Azərbaycan Respublikasının Baş naziri, 2005-ci ildə isə hakim Yeni Azərbaycan Partiyasının sədri seçilib.
Daha bir namizəd olan İqbal Ağazadə 1994-cü ildən Bakı Dövlət Universitetində, 1995-1999-cu illərdə isə Bakı Asiya Universitetində müəllim işləyib. Və Azərbaycan Ümid Partiyasının sədridir.Bu günə qədər heç vaxt dövlət qulluğunda çalışmayıb.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib. 1988-93-cü illərdə aktiv siyasətdə olsada sonradan passiv mövqe seçib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.
Millət vəkili və müstəqil namizəd olan Zahid Oruc 1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib. 1999-2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru vəzifəsini daşıyıb və ehtiyatda olan zabitdir.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev biologiya elmləri namizədidir. 1982-1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991-1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya
Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışıb.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 1988-1990-cı illərdə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub, Haray və Hürriyyət qəzetinin və "Oyanış" dərgisinin təsisçisi olub.Uzun müddət həkim işləyib.
Milli Şuranın yeni vahid namizədi Cəmil Həsənli isə Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur.
Əhməd Oruc 10 ildir ki, siyasətlə məşğul olur. Bununla yanaşı fermer təsərrüfatı yaradıb və maldarlıqla məşğuldur. Belə bu da tanınan namizədlərin əsil peşələri haqqında idi. Əsas odur ki, prezidentlik uğrunda uğur qazansınlar. Gördüyünüz kimi namizədlərin böyük bir hissəsi dövlət qulluğundan kənar olub, ən yaxşı halda pedoqoq kimi fəaliyyət göstəriblər. Elə bu amilin özüdə sübut edir ki, böyük auditoriyaya malik olmayan bu namizədlər İlham Əliyevlə ciddi rəqabət apara bilməyəcəklər. Deməli , seçkilərin taleyi artıq həll olunub. Elə bu günlərdə "Rəy" sorğu mərkəzinin keçirtdiyi sorğuda İlham Əliyevin 92 faiz səs toplamasıda deyilənlərə sübutdur.
Toğrul Əliyev