Akif Səlimovdan kütləvi narazılıq
Akif Səlimovdan kütləvi narazılıq

Laçınlılar icra başçısını nədə ittiham edir?

Son dövrlər Laçın sakinləri tərəfindən mətbuata xeyli sayda şikayət məktubları daxil olur. Rayonda baş alıb gedən özbaşınalıqdan tutmuş, digər hadisələrə qədər hər şeyi əks etdirən bu şikayətlərin əsas hədəfi isə icra başçısı Akif Səlimovdur.
jam.az xəbər verir ki, edilən şikayətləri araşdırmaq və təbdir görmək əvəzinə Laçının icra başçısı tamam fərqli yol tutub. Məsələn, Akif Səlimov mətbuatda yaxın olduğu adamlara pul verərək, onlardan rayonda durumun yaxşı olduğu və edilən şikayətlərin isə anonimliyi barədə rəy yaratmağa çalışır. Elə buna görədir ki, srağagün Səlimovun bu hərəkətinə etiraz olaraq bir qrup Laçın sakini yenidən mətbuata üz tutublar.
Z.Hüseynov, Ə.Qəhrəmanov, Ə.İsmayılov və S.Zamanov tərəfindən göndərilən məktubda iddia olunur ki, Laçının icra başçısı Akif Səlimov Ağcabədinin qış yataqlarında məskunlaşmış rayon sakinlərinə qarşı “bioloji terrora” başlayıb. “Təssüf hissi ilə bidiririk ki, Akif Səlimov rayondakı vəziyyəti düzəltmək əvəzinə, mətbuatda sifarişlə guya, yaxşı işlədiyinə dair məqalələr yazdırır”.
Şikayətçilər daha sonra bildirirlər ki, laçınlılar üzləşdikləri vəziyyətdən dolayı bəzi addımlar atmaq məcburiyyətində qalıblar: “İş o yerə çatıb ki, sakinlərin bir çoxu çıxış yolunu rayonun qeydiyyatından çıxmaqda görürlər”.
Sözügedən şəxslər bildirirlər ki, Laçının icra başçısı rayonun kürd əsilli sakinlərindən qorxduğu üçün M.Musayevi yol idarəsinə, B.Bəndəliyevi Məşğulluq İdarəsinə müdir, M.Baxışovu təhsil şöbəsinə inspektor, F.Cabbarovu isə səhiyyə şöbəsinə baş mühasib vəzifələrinə təyin edib”.
Sonda müraciət edən şəxslər bəyan ediblər ki,məsələnin bu şəkildə davam etməsinə imkan vermək niyyətləri yoxdur: “Bu məsələyə yuxarı orqanlar münasibət bildirməlidirlər. Əks təqdirdə, etiraz aksiyalarına başlamaq məcburiyyətində qalacağıq”.

Ülviyyə Qasımlı