Azərbaycanda proporsional seçki sisteminin bərpası seçiciyə nə verə bilər?
Azərbaycanda proporsional seçki sisteminin bərpası seçiciyə nə verə bilər?

MSK rəsmisi: “Azərbaycanda proporsional seçkiyə birbaşa keçid mümkün deyil”

Xatırladaq ki, 2002-ci ilin avqust ayında keçirilən referendumla ölkədə proporsional seçki sistemi ləğv olunub. Bundan sonra parlament seçkilərinin həm majoritar, həm də proporsional qaydada keçirilməsi dəfələrlə təklif olunsa da, reallaşmayıb. Proporsional seçki sisteminin isə özəllikləri daha çoxdur. Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azər Sarıyev Modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycanda proporsional seçkiyə birbaşa keçid mümkün deyil. MSK rəsmisinin sözlərinə görə, qanunverici səlahiyyət MSK-nın fəaliyyətindən kənar olduğu üçün proporsional seçki sisteminə keçid Milli Məclisdən asılıdır.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Proporsional seçki sisteminin bərpa edilməsi üçün ölkə konstitusiyasında dəyişiklik edilməlidir. Bununla belə, güman etmirəm ki, yaxın illərdə ölkə konstitusiyasında hansısa dəyişiklikərin edilməsi real görünə bilər”.
Millət vəkilinin sözlərinə görə, “Adətən, hər bir ölkədə siyasi inkişaf səviyyəsinə uyğun olaraq seçki sistemi formalaşır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra həm majoritar, həm də proporsional seçki sistemindən paralel şəkildə istifadə etməyə başlanmışdı. Ölkədə keçirilən parlament və bələdiyyə seçkilərinin gedişatının analizi göstərdi ki, Azərbaycan seçicisi siyasi simalara daha çox maraq göstərir. Bu da təsadüfi deyil. Çünki sovet sistemində təkpartiyalı hakimiyyət fəaliyyət göstərdiyindən əhalidə siyasi təfəkkürün formalaşdırılmasına real imkan yox idi. Bu çatışmazlıq postsovet məkanındakı bütün ölkələrin seçki praktikasında müşahidə olunurdu. Proporsional seçki sistemi seçicilərin normal siyasi dünyagörüşə və siyasi proseslərə aşkar bələdçiliyi şəraitində effektli olur. Hələ ki Azərbaycan seçicisi siyasi qurumlardan daha çox, siyasi liderlərə diqqət yetirməyə üstünlük verir. Buna görə də hesab edirəm ki, indiki tarixi mərhələdə bizim üçün majoritar seçki sistemi daha əlverişlidir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Niyaməddin Orduxanlının “Unikal”a verdiyi açıqlamaya görə, mənsub olduğu partiya hələ 2009-cu ildə proporsional seçki sisteminə keçid barədə qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib: “Biz bu qanun layihəsini Milli Məclisdə təmsil edilmiş islahatçılıq ruhu sərgiləyən siyasi partiyaların adından təqdim etmişik. Lakin təəssüflər olsun ki, layihə bu günə qədər müzakirəyə çıxarılmayıb”.
Sədr müavini hesab edir ki, “Həmin qanun layihəsi qəbul edilərsə, ölkədə parlamentli respublika formalaşa bilər. Yəni hökumətin təşkili parlament seçkilərində qələbə çalmış partiyanın səlahiyyətinə keçəcək. Biz partiya olaraq hesab edirik ki, Azərbaycan üçün proporsional seçki sistemi və bunun nəticəsi kimi formalaşacaq parlamentli respublika üsulu indiki tarixi şəraitdə daha əlverişlidir. Fikrimizcə, proporsional seçki sistemi seçicilərin siyasi səviyyəsinin yüksəlməsinə, seçki mədəniyyətimizin daha da cilalanmasına xeyli kömək edəcək. Heç uzağa getməyək. Qonşu Gürcüstanda ötən ilki parlament seçkilərindən sonra parlamentli respublika bərqərar oldu. Ekspertlərin demək olar, hamısı hesab edir ki, bu keçiddən uduşla çıxan Gürcüstan dövlətçiliyi və Gürcüstan cəmiyyəti oldu”.

Nurlan Gündüzlü