Hafiz Məmmədovun “Knyaz açılımı”
Hafiz Məmmədovun “Knyaz açılımı”
İş adamının “futbol biznesi”ndə misli görünməmiş absurd

Azərbaycanlı biznesmen Hafiz Məmmədovun Fransada sahibi olduğu “Lans” klubu barədə xəbər təsdiqini tapıb: - Fransanın iki komandası olan “Monako” ilə “Lans” arasında görüşün Bakıda keçiriləcəyi məlum oldu.
Martın 26-da Fransa kubokunun 1/4 final mərhələsində üz-üzə gələcək komandalar paytaxtımızda görüşəcəklər. H.Məmmədov artıq bu məsələni Monako knyazı II Albertlə sonuncunun ölkəmizə səfəri zamanı müzakirə edib. “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov “Futbol +” qəzetinə açıqlamasında H.Məmmmədovla II Albertin Bakıda görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, hər iki şəxs arasında yaxşı münasibətlər var: “Onlar bir müddət əvvəl Fransada da bir araya gəlmişdilər. “Monako” - “Lans” matçının Bakıda keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə, bununla bağlı Fransa Futbol Federasiyasının rəsmi qərarı olmalıdır”.
Y.Seyidov bildirib ki, yalnız bu qərardan sonra oyun ölkəmizdə keçirilə bilər. Klub rəsmisi həmçinin AFFA-nın matçın Bakıda keçirilməsinə razılıq verməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu barədə ilk xəbərdə deyilirdi ki, “Hafka” ləqəbli məşhur iş adamının sponsor olduğu “Lans” klubu 1/8 finalda Fransanın ən titulu klublarından olan “Lion”a qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Növbəti oyununu isə “Lans” “Monako”ya qarşı keçirəcək. Mötəbər qaynaqdan daxil olan xəbərdə bildirilirdi ki, H.Məmmədovla Monako knyazı 2-ci Albertin dostluq münasibəti var: “Bir qədər əvvəl “Hotel de Paris” otelində Monako ilə görüşüblər. Görüşdə H.Məmmədov “Monako”nun yüksək liqaya çıxması münasibəti ilə knyazı təbrik edib. Sadəcə “Lans” “Monako”nun Bakıya səfər xərclərini qarşılamalıdır ki, burda da problem yoxdur”.
Onu da yada salaq ki, “Hafka” İngiltərə çempionatının 2-ci dəstə klubu “Lids”i də almaq niyyətindədir. Hazırda bu yöndə danışıqlar gedir.
Amma ortada ilginc bir məqam var. “Unikal” olaraq bir müddət əvvəl yazmışdıq ki, son günlər tanınmış iş adamı, “Baghlan Group”un prezidenti, “Hafka” ləqəbli Hafiz Məmmədovun sponsoru və prezidenti olduğu futbol klubu - “Bakı” maliyyə sıxıntısı ilə üzləşib.
Məsələ burasındadır ki, “Hafka”nın klubunun qış “transfer pəncərəsi” dövründə yeni oyunçu almaması məhz büdcədəki kasadlıqla bağlı olub. Əslində, “Bakı”da maddi problemlərin olması yeni xəbər deyil. Klub rəsmiləri təkzib etsələr də, son 4-5 ay ərzində heyət üzvlərinin maaşlarının uzun müddət yubadılması yönündə xəbərlər dəfələrlə gündəmi zəbt edib. Lakin hər şeyə rəğmən, qarşısına böyük hədəflər qoyduqlarını açıqlayan “zolaqlılar”ın dövrələrarası fasilədə tutarlı transferlər həyata keçirəcəklərini güman edirdik. Gəl ki, “Bakı” heyəti gücləndirmək istiqamətində heç bir addım atmadı.
“Bakı”nın qış fasiləsindəki davranışının bir adı var - paytaxt klubu taleyi ilə barışıb. Maddi problemlər səbəbi ilə heyətə yeni oyunçular cəlb edə bilməyən, futboldan kənar səbəblərdən 2 əsas oyunçusuna qapını göstərən bir komandanın mükafatlar uğrunda mübarizədə silahı erkən yerə qoyduğu sezilməkdədir. “Zolaqlılar” avrokuboka vəsiqə qazanmaq üçün yalnız bəxt amilinə ümid edə bilərlər. Hazırkı “Bakı” mükafatlar uğrunda mübarizə aparacaq səviyyədə deyil.
Amma indi Hafiz Məmmədovun xarici futbol klublarına yatırımları haqqında xəbərlərdən sonra belə bir sual ortaya çıxır: onun Azərbaycandakı klubu maliyyə böhranı içərisində ikən, necə olur, xaricdəki klubuna ayrılan maliyyə artır, hətta “Baghlan Group” prezidenti yeni klub almaq fikrinə düşür? Azərbaycan futbolunun dirçəlməsi üçün “xəsislik” edən iş adamının Fransa futboluna qarşı belə səxavətinin sirri nədir görəsən?
Ülviyyə Qasımlı