“Hansı xalqın mədəniyyəti zəngindirsə,  deməli, o tolerantdır və yaxud dözümlüdür”
“Hansı xalqın mədəniyyəti zəngindirsə,
deməli, o tolerantdır və yaxud dözümlüdür”

Azad Məsiyev: “Ölkəmizdə olan problemlər bütün xalqımızın problemidir”

Ölkədəki milli tolerantlığın durumu ilə bağlı suallarımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Azad Məsiyev cavablandırır.
- Azad müəllim, ölkədəki milli münasibətlərin indiki durumu Sizi bir ekspert kimi qane edirmi?
- Qeyd etmək ustəyirəm ki, Azərbaycan Şərqlə Qərbin kəsişdiyi bir məkanda yerləşdiyindən bu bölgə həmişə böyük güclərin, dövlətlərin maraq darəsində olub və olmaqdadır. Bu qüvvələr öz maraqlarını-iqtisadi, siyasi və.s həyata keçirmək üçün müxtəlif vastələrdən, o çümlədən milli azlıqlardan istifadə edib. Gəlin, respublikamızın bölgələrində kompakt səkilində yaşayan millətlərə baxaq. Bu bölgələrdə yaşayanların bir-biri ilə sıx qohumluq (qız verib, qız alıblar) əlaqəsi var. Hər bir vətəndaş bu ərazidə sərbəst gəzir, əlaqə qurur və.s . Həmin regionlara gedən qonaqları həmişə hörmətlə qarşılayıblar və hörmətlə yola salırlar. Bu faktlar mövcud şəraitdən xəbər verir. Ölkəmizdə olan problemlər bütün xalqımızın problemidir o, cümlədən burada yaşayan bütün milli azlıqların.
-Ölkəmizdəki xalqlar bir-birini daha çox hansı baxımdan zəngiləşdirə bilir?
- Əvvala, Azərbaycan Respublikasının ərazisində yaşayan bütün millətlər, etnoslar bir xalqı təmsil edir bu da Azərbaycan xalqıdır. Bu xalq da öz müqəddəratını təyin edib və beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək Azərbaycan dövlətini yaradıb. Bu ərazi bu millətlərin əzəli və əbədi məkanlarıdır. Bunlar türklər, talışlar, ləzgilər, kürdlər, avarlar və s. bu millətlər ənənələri, mədəniyyətləri, dilləri xalqımızın zənginliyidir. Xalqımızın qədimdən zəngin geyim, musiqi, mətbəx mədəniyəti var. Bu zənginlikdə, gözəllikdə xalqımızı təmsil edən hər bir millətin payı var.
- Azərbaycanın timsalında dini tolerantlıqla milli tolerantlıq bir-birini necə tamamlayır?
- Azərbaycan ərazisində yaşayan millətlərin əksər hissəsi müsəlman dininə sitayiş edirlər. Buna baxmayaraq müsəlmanların peyğəmbər kimi qəbul etdiyi Musa və İsa peyğəmbərlərin gətirdiyi dinlərə də sitayiş edənlər var. Ali məqsəd tək olan ALLAHA iman gətirməkdir. Dini dözümlülük daxili siyasətin tərkib hissəsidir.
Tolerant, yəni dözümlü olmaq xalqın mədəniyətindən irəli gəlir. Hansı xalqın, millətin və ya fərdin (dinindən, irqindən, cinsindən, sosial vəziyətindən asılı olmayaraq) mədəniyyəti zəngindirsə, deməli, o tolerantdır və yaxud dözümlüdür. Qeyd etdiyim kimi, xaqımızın zəngin mədəniyyəti var.
Azərbaycan türklərini və talışları, ləzgiləri, kürdləri, yaxud ingiloyları ümumi islami dəyərlər, ortaq tarixi tale və şərikli mədəniyyət birləşdirirsə, ökəmizdəki yəhudilərlə, tutaq ki, avarları həm də eyni səmavi kitabların – Zəburun, Tövratın və s.-nin müqəddəs hesab edilməsi və bizim də uca tutduğumuz Adəm, Nuh, Musa, İbrahim kimi peyğəmbərlərin təbliğ etdiyi mənəvi-əxlaqi dəyərlər birləşdirir. Zənnimcə, sualda qeyd etdiyiniz dini tolerantlıqla milli tolerantlığın uzlaşmasının bir təməli də buradan qaynaqlanır.
- Xarici dairələrin Azərbaycandakı dini-milli tolerantlığa zaman-zaman zərbə vurmaq cəhdlərini önləmək üçün müvafiq strukturların gördüyü tədbirlər Sizi qane edirmi?
- Bildirmək istəyirəm ki, Azərbaycanın coğrafi şəraiti və təbii sərvətləri həmişə güc mərkəzlərinin marağında olub. Onlar məqsədlərinə çatmaq üçün bütün vasitələrdən, o cümlədən dini və milli münasibətlərdən istifadə edirlər. Çox təəssüflər olsun ki, müsəlmanlar arasında da dini ayrı-seçkilik salmaq istəyənlər var. Yaranmış dini cərəyan siyasi məqsəddən başqa bir şey deyil. Dini inancından asılı olmayaraq hər bir kəs öz əməli və ibadəti ilə uca olan ALLAH-ın hüzurunda cavab verəcəkdir. Hər bir xalqın aparıcı lokomotiv milləti var. Bu millət dözümlülük edib digər millətlərin ənənəsinə, mədəniyyətinə hörmət edirsə, onda münasibətlər yaxşılığa doğru gedir. Vay o gündən ki, lokomativ millət ayrı-seçkilik etsin (millətçilik etsin), bu siyasəti dövlət səviyəsinə qaldırsın, bu zaman milli azlıqlar separatçılığa meyllənir. Bu hadisələrdən maraqlı qüvvələr istifadə edir. Vaxtilə bu mərhələni yaşamışıq. Bu fikirləri söyləyərkən onu nəzərdə tuturam ki, keçmiş SSRİ-nin dağılması ərəfəsində vüsət almış milli-azadlıq hərtəkatı zamanında cəmiyyətimizə qəribə, tamamilə məntiqsiz, ölkəmizin siyasi reallığına qətiyyən uyğun gəlməyən bir şüar atılmışdı: “Türkün türkdən başqa dostu yoxdur”. O illərdə baş vermiş dramatik hadislərin canlı şahidi və iştirakçısı kimi tam qətiyyətlə deyə bilərəm ki, bu yanlış və ümumən zərərli ideya Azərbaycan cəmiyyətini bir neçə yerə parçalamışdı. Təsəvvür edin: Azərbaycan vətəndaşı olan ləzgi, kürd və yaxud talış düşünürdü ki, “Əgər türkün türkdən başqa dostu yoxdursa, mən niyə gedib Qarabağ uğrunda qan tökməliyəm?” Tarixçilər və siyasətçilər deyirlər ki, separatçı Əlikram Hümbətovun Azərbaycanın cənub bölgəsində yaratmağa cəhd etdiyi Talış-Muğan respublikası ideyasını ona İran və Rusiya kəşfiyyatı diqtə etmişdi. Bu fikrə etiraz etməməklə xüsusi olaraq bunun da vurğulamalıyam ki, həmin separatizimin ən ciddi səbəblərindən biri də millətçilərin ortalığa atdığı “Türkün türkdən başqa dostu yoxdur” şüarı idi. Bax, məhz buna görə də ölkəmizdəki digər xalqlar milli-azadlıq hərəkatını kənardan soyuq şəkildə seyr edirdilər və bir növ, özlərini bu ölkədə yad hiss edirdilər. 1993-cü ildə mərhum prezident Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası Azərbaycandakı xalqlar arasındakı soyuqluğu əritdi və bütün etniklərdə vətəndaşlıq duyğusunu bərkitdi. Unutmamalıyıq ki, cəmiyyətin birləşdirici ideya ətrafında birləşməsi dövlətin xarici və daxili siyasətində böyük önəm daşıyır. Mövcud daxıli qurumlar, müvafiq strukturlar öz fəaliyyətlərində bunları nəzərə alırlar. Şükrlər olsun ki, 1993-cü ildən bəri hələlik ölkədə belə problemlər yaranmayıb. Görünür, bu işlərdə dediyiniz müvafiq strukturların zəhməti var.
- Ölkəmizdəki milli mədəniyyətlərin öyrənilməsi və təbliği baxımından daha hansı işlərin görülməsi lazımdır?
- Yuxarıda qeyd etdiyim kimi, hər bir xalqın zənginliyi həmin xalqın təmsil etdiyi millətlərin çoxluğundan, müxtəlifliyidən asılıdır. Biz zəngin xalqıq ona görə yox ki, neftimiz, qazımız və s. Təbii sərvətlərimiz var. Bizim zənginliyimiz burada yaşayan millətlərin çoxluğu və müxtəlifliyi ilə ölçülməlidir. Biz bu zənginliyimizi dünyaya çatdırmalıyıq.
Bu məqsədlə dövlətin nəzarətində olan televiziya, internet saytları yaradılmalı və xalqımızın zənginliyini, dözümlülüyünü, dini-milli tolerantlığını dünya içtimaiyyətinə çatdırmalıyıq
Vaxtilə sovetlər dönəmində KQB –nin nəzdində millətləri öyrənən inistitutlar vardı. Bu institutlar millətin mədəniyyətini, adət və ənənəsini, xasiyyətlərini, həyat tərzini və s.-ni öyrənirdi və dövlətin maraqlarına uyğun təkliflərlə çıxış edirdi. Fikrimcə, biz tam xeyirxah məqsədlə bu cür qurumlar yaradıb ölkəmizdəki xalqların mədəniyyətini, adət və ənənələrini, psixologiyasını dərindən elmi şəkildə araşdırmalıyıq ki, Azərbaycan cəmiyytində daha dərin harmoniyanın, daha dərin vəhdətin yaradılmasına nail ola bilək. Tarixə nəzər salsaq görərik ki, Azərbaycandakı xalqlar bir-birinin mədəniyyətini zənginləşdirə-zənginləşdirə doğmalaşıblar.