Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib
Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib.
Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Biznes forumdan əvvəl Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Y.Kuyvaşevlə görüşüb.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına, o cümlədən Sverdlovsk vilayətinə ixracı, bu məqsədlə Sverdlovskda ticarət-logistika mərkəzinin yaradılması, maşınqayırma, metallurgiya, polad və kimya sənayesi, İKT sahəsində əməkdaşlıq, Sverdlovskda fəaliyyət göstərən şirkətlərin Azərbaycanda yaradılan sənaye parklarında iştirakı, iş adamları arasında biznes forum, sərgi və digər tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb, konkret istehsal sahələrinin yaradılmasına dair müzakirələr keçirilib.
Nazir qeyd edib ki, Azərbaycan və Rusiya arasında əməkdaşlıq qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulub, dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, hazırda Azərbaycan Rusiyanın 83 federal subyektindən 78-i ilə, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlıq edir: "Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır. Ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində indiyədək 13 iclası keçirilmiş Azərbaycan ilə Rusiya arasında İqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının fəaliyyəti də əhəmiyyətlidir".
Sverdlovsk vilayətinin qubernatoru Y.Kuyvaşev hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. O, Azərbaycanın Rusiyanın federal subyektləri, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, maliyyə, ticarət, energetika, neft-kimya və s. sahələrdə fəaliyyət göstərən 140-a yaxın iş adamı iştirak ediblər.
Forumda çıxış edən Ş.Mustafayev bildirib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Onun sözlərinə görə, bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artıb. Azərbaycanın Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsi isə ötən il 2,1 dəfə çoxalıb. Bu gün Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər".
O bildirib ki, son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 mln. ABŞ dolları, qeyri-neft sektoruna isə 168,9 mln. ABŞ dolları investisiya yatırılıb: "Son 10 il ərzində Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına yatırılmış investisiyaların həcmi isə 995,5 mln. ABŞ dolları təşkil edib".
Ş.Mustafayev Rusiyanın 4 subyekti ilə Azərbaycan arasında da hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb: "Son 3 ildə Rusiyanın subyektləri ilə 13 biznes forum, işgüzar görüş və sərgi keçirilib. Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiyanın regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır və Azərbaycan-Rusiya əlaqələrinin inkişafına, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinə öz töhfəsini verəcək".
Y.Kuyvaşev Rusiyanın digər subyektləri kimi, Sverdlovsk vilayətinin də Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi barədə məlumat verib.
Biznes forum zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Ural Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.