17 Noyabr 2019
16 Noyabr 2019
Şıxəli Qurbanovun Vəli Axundovla kəllə-kəlləyə gələn xanımı
Şıxəli Qurbanovun Vəli Axundovla kəllə-kəlləyə gələn xanımı REPORTAJ 06:58 2014-05-14

Şıxəli Qurbanovun Vəli Axundovla kəllə-kəlləyə gələn xanımı
Şıxəli Qurbanovun Vəli Axundovla kəllə-kəlləyə gələn xanımı

Xavər Qurbanova haqqında bilinənlər və bilinməyənlər

"1967-ci il bu vaxtlar - iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov Mərkəzi Komitənin birinci katibi seçilməli idi. Amma… Mayın 24-də onu aradan götürdülər". Bu sözləri Qurbanovlar ailəsinin ən kritik dövründə ailənin bütün problemlərini öz çiyinlərinə götürən Xavər Qurbanova deyib.

Onda Mərkəzi Komitənin saf əqidəli, milli düşüncəli katibi Şıxəli Qurbanov sui-qəsd nəticəsində öldürülmüşdü. Diş həkiminin vurduğu iynə nəticəsində keçinən katib o məqama qədər bir çox qəsdlərdən qalib çıxa bilmişdi. Lakin sonuncu məqamda bir dişin güdazına getdi.

Əvvəlcə, Şıxəli Qurbanov...

...barədə məlumat versək heç də pis olmaz. Çünki bu digər rəhbərlərlə müqayisədə o qədər də tədqiq olunmayan bir şəxsdir.
Doğrudur, ölkənin birinci adamı olmasa da elə o səviyyədə xalq arasında hörmət qazanan Şıxəli Qurbanov Azərbaycanın milli əqidəsi uğrunda ömrünün sonuna qədər mübarizə apardı. Elə bu səbəbdən də düz 4 dəfə sui-qəsdlə üzləşdi. Birinci dəfə atılan güllə əlini yaladı, ikinci dəfə özünü avtomobilin altından zorla xilas etdi, üçüncü dəfə də sağ qaldı.
Amma dördüncü dəfə dişlərini müalicə etməyə gedərkən diş həkiminin xaincəsinə bilərəkdən vurduğu iynə nəticəsində dünyasını dəyişdi. Özü də həmin həkim Qurbanovun yaxın dostu idi. İynə ilə sionid turşusunu katibin qanına yeridəndən sonra pəncərədən atılaraq qaçır.
Və... harada gizlənsə yaxşıdır? Şıxəli Qurbanovun dostu, o zamankı birinci katib Vəli Axundovun evində. Saf əqidəli insan nə biləydi ki, onun axırına elə bu iki nəfər çıxacaq. Bütün bu proseslərin gedişi zamanı ən çox əziyyətlə üzləşən mərhumun həyat yoldaşı Xavər xanım olur. Hər bir azərbaycanlı qadını kimi güclü hissiyyata malik olan Xavər xanım öz nigarançılığını bildirsə də, Şıxəli ona bu cür cavab verir: "Bilirəm məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın".
Amma xalqın öz mənliyini, mahiyyətini Novruz bayramı timsalında özünə qaytaran Qurbanovu təbii ki, qara kütlə azğın Kreml qarşısında müdafiə edə bilmədi. Get-gedə nüfuzu artdığından birinci katib vəzifəsinə qalxacağı yüzə yüz olduğundan hər gün düşmənləri artan Qurbanovu Kreml bir də milli hislərin təəssübkeşi kimi qəbul etmək istəmirdi. Buna baxmayaraq o həyatı bahasına 1967-ci ildə mart ayında Novruzun keçirilməsinə nail oldu.
Bütün bunların hamısı Xavər xanımın gözünün qabağında olur. Xavər xanım sonradan xatirələrində danışacaq ki, o Kremlə bu haqda hesabat vermək üçün bir filoloq alim kimi Novruzun qədim kökləri barədə 22 səhifəlik bir məqalə yazır. Amma həm sağdan, həm də soldan gələn düşmən seli onun həyatına son qoyur. Alim, ictimai xadim 1967-ci ildə cəmi 42 yaşında sui-qəsd nəticəsində dünyasını dəyişir. Xavər xanım bütün bu acı günləri sonradan öz xatirələrində bu cür səsləndirəcəkdi: "Bayramın axşamı Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi.
Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. "O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil. "Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar ona, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb. "

Novruzdan başlanan faciə

Amma dördüncü dəfə alınır. Ş. Qurbanovun necə vəfat etməsi barədə yuxarıda məlumat verdik. Onu da qeyd edək ki, Qurbanovun həyatı faciəsinin kökündə məhz, Novruza aid verdiyi qərar durur.
Vəli Axundovun da xəbərdarlığına əhəmiyyət verməyən Qurbanov 1967-ci ilin martından sonra demək olar ki, hər dəqiqə öz ölümünü gözləyir. Məsələ özü ilə bitsə idi nə var idi ki? Onun ailəsi də sıxma boğmaya salınır və bu özünü katib öldürüləndən sonra daha çox büruzə verir. Qurbanovun Novruzun keçirilməsi ilə bağlı hazırladığı planlarını heç həyat yoldaşı Xavər də bilmirdi. Səbəb çox sadə idi. Gənc kadr bütün günü ictimai işlərlə məşğul olur, evin məişət və uşaq problemləri ilə yalnız Xavər məşğul olurdu. Üstəgəl bu qədər için üzərinə bu təhlükəli məqamın doğurduğu sarsıntılar gəlsə idi onda vəziyyət daha acınacaqlı olacaqdı.
Xavər xanım Novruzdan o vaxt xəbər tutur ki, bütün Bakı martın 20-də Qız Qalasına tərəf axışır. Bir tərəfdən keçəl, bir tərəfdən kosa, bir tərəfdən də Səfurə İbrahimovanın canlandırdığı bahar qızı insanlara, bakılılara xoş sevinc gətirir.
Xavər xanım da hamı kimi sevinir. O bilirdi ki, həyat yoldaşı uzun zaman heç kimin edə bilmədiyi bir addımı atıb. Amma bununla bərabər içində haqlı olaraq bir nisgil əmələ gəlir. O, həmən anlayır ki, birinci katibdən də çox hörmətə izzətə sahib olan və elə bu səbəbdən də düşmənləri durmadan çoxalan Şıxəlinin yeni rəqibləri meydana çıxacaq. Hər şey onun təxmin etdiyi kimi olur. Vəziyyət o yerə çatır ki, artıq katib də, həyat yoldaşı da onun bir gün ölüm faktına özlərini hazır edirlər. Həmin gün gəlib çatır. O qalmaqallı Novruzdan iki ay sonra mayın 23-də Şıxəli Qurbanov özünün müəllifi olduğu "Sənsiz" dramının ictimai baxışı zamanı zalı yarımçıq tərk edir. Gedərkən də bu sözləri səsləndirir: "Sənsiz"ə mənsiz baxarsız... Belə də olur. Mayın 24-də göstərilməli olan tamaşa təxirə salınır. Çünki tamaşaya gələn adamlar eşitdikləri üzücü xəbərdən sonra xəstəxanaya axışır. Çünki həmin vaxt xəstəxanada mərhum katibin nəşir onları gözləyirdi...

Vəli Axundovla mübarizə edən qadın

Xavər xanım bu hadisədən sarsılsa da ayaq üstə durmağı bacarır. Şıxəli Qurbanovun ölümündən 40 gün sonra Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidindən sonra prokurorun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir.
Amma nəticədə Xavər xanıma onun fikirləri ilə şərik olduğunu desə də, həqiqət rəsmi surətdə üzə çıxarılmır. Çünki ixtisasca həkim olan Mərkəzi Komitənin birinci katibi Vəli Axundov diaqnozunda israrlı idi - Şıxəli Qurbanovun "anafilaktik şok" dan ölməsi ilə bağlı dörd nəfər mütəxəssisin imzası ilə qəzetdə yazı da dərc olunmuşdu. Beləcə, respublikanın birinci şəxsinə bata bilməyən xanım Şıxəli Qurbanovdan sonra ailənin bütün yükünü öz çiyinlərinə götürür. İctimai sferada öz sözünü deyə biləcək iki övlad yetişdirir. Qızı Gülnarə xanım bir müddət parlamentin deputatı, oğlu isə tanınmış diplomat olur. Lakin sonda adın çəkdiyimiz Gülnarə xanımın dediyi bir cümləni sizə təqdim etməklə istər Xavər xanımın, istərsə də o ailənin nə qədər ağır sınaqlardan çıxdığını göstərmiş olarıq: "Mən gedib kimdən nə tələb edim, kimin qarşısında bu məsələni qaldırım? Bu günədək onun ailəsi təqib olunur, incidilir. Mənim üçün və bir çoxları üçün hər şey aydındır. Zaman gələcək bu özünün rəsmi təsdiqini də tapacaq".
Elmin Nuri