Okeanın o tayından radikal müxalifətə ağır zərbə
Okeanın o tayından radikal müxalifətə ağır zərbə

Rəsul Quliyev İsa Qəmbərlə Milli Şura barədə şok detallar açıqladı

Məlum olduğu kimi, radikal müxalifət düşərgəsində parçalanma prosesi gedir. Bu proses qarşılıqlı ittihamlarla müşayiət olunduğu üçün ictimaiyyət tətərfindən ikrahla qarşılanır.

Yəni, cəmiyyətdə belə rəy yaranır ki, bu partiyalar dünənə qədər bir yerdə olan, bir-birinə müttəfiq deyən adamlar bu gün düşmən olurlarsa, deməli, onlara etibar etmək olmaz. Əslində, cəmiyyət radikal müxalifətin ikiüzlü siyasətinin hər zaman şahid olub. Eks-spiker Rəsul Quliyev okeanın o tayında otursa da, zaman-zaman acı həqiqətləri burdakı müxalifət liderlərinin üzünə vurub. Düzdür, onun özü də eyni xarakterə sahibdir, amma onun lent.az-a verdiyi müsahibədə Müsavat başqanı İsa Qəmbər və Milli Şura barədə dedikləri reallığı əks etdirir.
R.Quliyev deyir ki, Müsavat Partiyası Azərbaycanda mövcud olan müxalif partiyaların hər biri kimi çox zəif vəziyyətdə olan bir partiyadır. Onun sözlərinə görə, 20 il müddətində nə planlarını, nə proqramlarını müəyyənləşdirdilər, heç bir strategiyaları yoxdur. Əsəs istəkləri də 2015-ci il parlament seçkilərində onlara 3-5 yer versinlər, vəssalam. Başqa bir məqsədləri yoxdur. "İsa Qəmbər indiyə qədər elə bir iş görmürdü. İndiyə qədər adı Müsavat Partiyasının başqanı idi, heç bir işlə məşğul deyildi, bundan sonra adı Müsavat Partiyasının başqanı olmayacaq, yenə də heç bir işlə məşğul olmayacaq. Yəni İsa Qəmbər 1993-cü ildən pensiyadadır, onu davam etdirəcək. Hesab etmirəm ki, İsa Qəmbərin işləmək arzusu var. Həm də arzudan başqa, gərək özünü işləməyə də məcbur edəsən. Mən görürəm ki, İsa Qəmbər faydalı işlə məşğul olmayacaq. İsa Qəmbər oturub kitab yaza bilər, amma kitab yazmaq üçün kifayət qədər əziyyət çəkəsən. Gərək ingilis dili və başqa dillərdə olan real materiallardan istifadə etməyi bacarasan. Mən fikirləşmirəm ki, İsa Qəmbər belə əziyyətlə yaşamağa öyrənib", - deyə R.Quliyev bildirib.
Qeyd edək ki, Rəsul Quliyev müxalifətin parçalanmış birliyi olan Milli Şuranın hazırkı durumunu da dəyərləndirib: "Milli Şura hələ 2013-cü il avqustun 21-də öldü. İndiki sadəcə, Milli Şura adı altında demoqogiyadır, başqa bir şey yoxdur. Rüstəm İbrahimbəyov siyasətə siz deyən səviyyədə yaxınlaşmamışdı. Hətta Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi olan zaman bu, müvəqqəti, bir illik prezident təşəbbüsü idi. Yəni Rüstəm İbrahimbəyovun onsuz da siyasətlə məşğul olmaq fikri yox idi. Demək ki, Rüstəm İbrahimbəyov siyasətçidir, siyasətə gəlib, indi siyasətdən uzaqlaşır, bu, düzgün deyil. 2 il əvvəl Rüstəm İbrahimbəyov siyasətdən hansı məsafədə idisə, mənim fikrimcə, indi də elə həmin məsafədədir".
Qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikirlərini bildirən R.Quliyev müxalifətin şansı qalmadığını deyir. Onun sözlərinə görə, hökumətdən başqa parlamentdə olmağa heç kəsin şansı yoxdur. "Hökumət istədiyi adamları müxalifət adı ilə parlamentdə də daxil edə bilər. Mən hökumətin yerində olsam, yüz faiz 2015-ci ildə demokratik addımlar atmağa başlayaram. Çünki bu dəqiqə hökumət üçün ən əlverişli şərait yaranıb. Dünyanın heç yerində hökumətlərə münasibət yaxşı olmur, amma söhbət ondan gedir ki, bu gün Azərbaycanda müxalifətə münasibət çox aşağı səviyyədədir. Bu gün hökumətin imkanı var ki, müxalifətin belə bədbəxt, iflic olunmuş vəziyyətində parlament seçkilərini keçirsin və yenə də hökumətin öz adamları parlamentə seçilsinlər. Ola bilər ki, belə şans 2020-ci ildə olmayacaq. Ona görə də mən hökumətin yerində olsam, 2015-ci ildən demokratiyaya bir plastarm kimi istifadə edərəm. Bu, həm hökumətin beynəlxalq aləmdə nüfuzunu kifayət qədər yüksəldər, həm də Dağlıq Qarabağ probleminin həllini kifayət qədər yaxınlaşdırar", - deyə eks-spiker fikrini tamamlayıb.
Maraqlısı odur ki, Rəsul Quliyevin fikirlərinə Azərbaycanda fəaliyyət göstərən müxalifət qüvvələri də dəstək veriblər. Bu mövzuda qəzetimizə açıqlama verən siyasilər də Rəsul Quliyevin İsa Qəmbər və Milli Şura barədə dediklərini təsdiqləyiblər.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə "Unikal"a açıqlamasında Rəsul Quliyevin İsa Qəmbər barədə dedikləri ilə razlıaşdığını bildirib. Onun sözlərinə görə, Müsavat başqanının son 20 ildə hər hansı bir uğuru olmayıb: "Mənim mövqeyim ondan ibarətdir ki, İsa Qəmbərin siyasətdə bir dənə nailiyyəti olub, 92-ci ildə dövlət çevrilişi vasitəsiylə hakimiyyətə gələn Xalq Cəbhəsi dövründə parlamentin sədri olub. Bunu da müvəfəqiyyət adlandırmaq olmaz, çünki Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi demokratiya adlı uşağın ölümü idi. Sonra isə İsa Qəmbərin böyük xidməti o oldu ki, Azərbaycanı vətəndaş müharibəsi qarşısında qoydu. Rəsul Quliyevin xidməti siyasətdə ondan ibarətdir ki, ilk oğru oldu ki, siyasətə pul buraxdı. Yəni, Rəsul Quliyev də, İsa Qəmbər də eyni xislətli adamlardır, bir bezin qıraqlarıdır. Bir-birlərinə layiq adamlardırlar. Əslində. Onlar bir-birlərini yaxşı tanıdıqları üçün ittiham edəndə zəif yerlərini düzgün deyirlər".
Eks-spikerin Milli Şura ilə bağlı dediklərinə gəlincə, A.Əlizadə bu qurumla bağlı söylənilən bütün mənfi fikirləri bölüşdüyünü bildirib. "Mən Milli Şura haqqında fikrimi həmin qurum yarananda demişəm ki, Milli Şura ölü doğulmuş uşaqdır. Əgər ölü doğulubsa, çürüyüb parçalanmalıdır, necə ki, Milli Şura parçalanıb dağıldı. Məhşur məsələdə olduğu kimi, ölünün qıdığı gəlməz. Milli Şura adlı qurum artıq yoxdur", - deyə Araz Əlizadə vurğulayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı "Unikal"a deyib ki, Müsavat başqanı haqqında deyilənlər həqiqəti əks etdirir: "İsa Qəmbər Azərbaycan siyasi tarixinə qovuşmaq üzrədir. O məğlub insan kimi xarakterizə olunur. Mən həm də İsa Qəmbəri Əbülfəz Elçibəy hakmiyyətini parçalayan və onun hakmiyyətdən getməsində böyük rol oynayan şəxs kimi tanıyıram. İsa Qəmbər həm də tarixə Elçibəyə prezident seçkilərində güzəştə getməyən şəxs kimi düşüb. 1998-ci ildə Əbülfəz bəyin vahid namizəd olmasına razılıq verməmişdi. Görünür, İsa Qəmbər onu ölkədə spiker edən adama razılıq verməməsinin daha ciddi səbəbləri olub. Bu da onun gördüyü işlərdən biridir. 22 ildir bu adam məğlub durumdadır. 2003 cü ildə İlham Əliyevə açıq şəkildə məğlub olub. İsa Qəmbər həm də tarixə İlham Əliyevə məğlub olmuş bir siyasətçi kimi düşdü. Qurultayda kimin seçilməsindən aslı olmayaraq Müsavatda parçalanma qaçılmaz olacaq. Bu partiyanı İsa Qəmbər yaratmışdı. Azərbaycan siyasətində belə bir ənənə var. Kim partiyanı qurubsa, ondan sonra partiya yaşamır. AMİP nümünəsi kimi".
Rəsul Quliyevin Milli Şura barədə səsləndirdiyi firikləri bölüşdüyünü vurğulayıb. Onun sızlərinə görə, Milli Şuranı Rusiya yaratmışdı, Rüstəm İbrahimbəyovu da Rusiya təlimatlandırıdı: "2013-cü ildə prezident seçkilərində Rusiya bunu yaratmaqla, Azərbaycan hakmiyyətinə təzyiq etmək niyyətində idi. Həm də cəmiyyətin nəbzini yoxlamaq istəyirdilər. Rusiya sonda gördü ki, bütün radikalları bir araya gətirsə də, öz istəyinə çata bilməyəcək. Bundan sonra Rüstəm İbrahimbəyova kinosunu çəkməyi məsləhət bildi. Milli Şuranı Rusiya çoxdan dağıdıb. İndi bunun quru adı qalıb. Əli Kərimli də bu addan istifadə edir. Belə demək mümkündürsə, mənasız bir qurumdur. Əli Kərimli öz partiyasının üzvülərini Milli Şuraya üzv etməklə məşğuldur. Kimə lazımdır bu qurum? Cəmil Həsənli də özünü Əli Kərimlinin şöbə müdüri kimi aparır. Rusiya geri çəkiləndən sonra İsa Qəmbərlə Əli Kərimlinin düşmənçilik siyasəti davam etməkdədir. Çünki 20 ildən artıqdır ki, bu adamlar bir-birinə nifrət edirlər. Qısaca, bu düşərgə barədə bunları demək olar".
Qərib Gərayzadə