Müxalifətin yeni ittifaqında nifaq
Müxalifətin yeni ittifaqında nifaq

İsa Qəmbərin liderlik iddası Sərdar Cələloğluna xoş getmədiyi üçün Birləşmiş Hüquq Müdafiə Mərkəzi parçalanır

Məlum olduğu kimi, 2013-cü il prezident seçkilərindəki acı məğlubiyyətdən sonra radikal müxalifət güclə özünə gələrək Birləşmiş Hüquq Müdafiə Mərkəzini yarada bilib.

Amma deyəsən, radikallar bu birlikdə də uzun sürə bir yerdə qala bilməyəcəklər. "Unikal"ın məlumatına görə, bu dəfə isə Sərdar Cəlaloğlu ilə İsa Qəmbərin soyuq müharibəsi bu birliyi bitirir. Bəhanə isə birgə mitinqin keçirilməsi olub. Belə ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətin oktyabr ayı üçün planlaşdırdığı mitinqlər barədə danışıb. Müsavat funksionerləri siyasi məhbuslara azadlıq tələbi ilə bağlı yeni mitinq keçiriləcəyini açıqlayıb. Təklif edilib ki, bu aksiya KXCP, ADP, AzDP və digər təşkilatların qatıldığı Birləşmiş Hüquq Müdafiə Mərkəzi ilə birgə keçirilsin. ADP sədri Sərdar Cəlaloğlu Müsavatın bu təklifinə qarşı çıxıb: "Azərbaycanda mitinq müxalifətin özünü təsdiq, müxalifət arasında rəqabət metoduna çevrilib. "Milli Şura mitinq keçirib biz də keçirək" deyib mitinq kimi demokratik prosedura belə qeyri-ciddi yanaşma yanlışdır. Birincisi, mitinq keçirməkdə bizim məqsədimiz nədir? Əgər söhbət Azərbaycanda insan haqları və azadlıqlarının durumunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdırsa, BMT, ATƏT, Avropa İttifaqı, ABŞ prezidneti və beynəlxalq hüquq müdafiə təşkilatlarının mövqeyi ortadadı. Aydın olur ki, dünyaya Azərbaycandakı demokratik vəziyyət bəllidir. Onda biz niyə mitinq keçiririk? İkincisi, bu mitinqlərlə iqtidarı hansısa qərar qəbul etməyə məcbur etmək mümkün deyil. Çünki iqtidar ictimai rəylə hesablaşmır, həmçinin mitinqlər elə də kütləvi olmur ki, hökümət öz hakimiyyətini saxlamaq naminə müəyyən güzəştə getsin. Bu baxımdan, mitinqi nəyə görə keçirməliyik? Üçüncüsü, Milli Şura mitinq keçirdi, biz də ona dəstək verməyimizə baxmayaraq, 2 min adam toplaşdı. Yəni xalq aktiv şəkildə mitinqlərə qoşulmur. Xalqın iştirak etmədiyi proses demokratik ola bilməz. Hökümətn təzyiqləri də bu işdə rol oynayır. Həm də mitinqləri təşkil etmək üçün çox böyük vəsait və vaxt lazımdı. Bunlar bu gün elan edirlər ki, sabah mitinqdir. Hər kəs öz funksionerlərini yığıb gətirir. Hökümət mitinqlərə elə nəzarət edir ki, partiya funksionerlərindən başqa heç kim ora gəlmir. Mən öz üzvlərimə nə deyəcəyimi onlar onsuz da bilirlər".
Partiya sədri deyib ki, mitinqlərə yalnız partiya funksionerləri gəlir, onlar da bu məsələlərdən məlumatlıdırlar: "Biz gözləməliyik ki, xalq özü nə vaxt küçələrə çıxsa, onda irəli çıxıb təşkilatçılıq etməliyik. Ona görə də kim ki, Milli Şura ilə intriqa aparmaq istəyirsə, getsin nə istəyir eləsin. Şəxsən mən obyektiv zərurət olmayacağı təqdirdə, mitinqlərin keçirilməsini demokratiyaya zərbə hesab edirəm. Biz siyasi məhbuslarla bağlı dəyirmi masa keçirib müzakirə aparmışıq. Beynəlxalq təşkilatlara da müraciət etmişik. Mitinqdə bundan artıq nə edəcəyik?! Kimsə çıxıb 5 nəfərin qarşısında deyəcək ki, filankəs həbs olunub. Ora gələnlər yalnız partiya funksionerləri olur, onlar da kimin həbs olunduğunu bilirlər. Bəzi qüvvələrin bir-biri ilə rəqabətə görə demokratik prosedurları gözdən salmasının qəti əleyhinəyəm".
Sərdar Cəlaloğlu qeyd edib ki, QHT-lərin fəaliyyəti demokratik prinsiplərə zidd olub: "Xalqlar hər gün küçəyə çıxmır. Bu gün QHT-lər xalqın içinə o dərəcədə işləməmişdi ki, onların həbs olunmasına xalq reaksiya versin. Xalq heç bilmir ki, Leyla Yunus, Rauf Mirqədirov, Anar Məmmədli nə işlə məşğul olub. Çünki QHt-lərin fəaliyyəti düzgün qurulmamışdı, demokratik prinsiplərə zidd idi. Ona görə də onların həbsi xalq tərəfindən anlanmır ki, niyə mən bu adamı müdafiə etməliyəm? Çünki QHT-lərin fəaliyyətində xalq iştirak etməyib".
Bu isə o deməkdir ki, müxalifətin yeni birliyi sayılan bu qurumda da çat yaranıb. Bu barədə "Unikal"a məlumat verən mənbənin sözlərinə görə, sözügedən ittifaq Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılıb. Müsavat Partiyasının qurultayında 2018-ci il prezident seçkilərinə namizəd elan olunması onu liderlik eşqinə düşürüb. Buna görə də Birləşmiş Hüquq Müdafiə Mərkəzinin lideri kimi özünü aparır. Mitinq təklifi də Müsavatdan gəlib. İsa Qəmbərin bu davranışı Sərdar Cəlaloğlunun xoşuna gəlmədiyi üçün belə bir addım atır. Yəqin ki, yaxın günlərdə bu qurumun daxilində də qarşılıqlı ittihamlarla müşahidə olunan savaş başlayacaq.
Qərib Gərayzadə