"Yeganə xilaskar - kitabdır!"

Elnur Astanbəyli: "Ölkənin taleyini neftin, qazın ümidinə buraxmaq, əsl
mədəniyyəti, elmi, təhsili isə çıxdaş etmək bizə böyük fəlakətlər vəd edir"

Şair-publisist Elnur Astanbəyli özünün ikinci şeir kitabı - "Oktyabra məktublar"la oxucuların görüşünə gəlib. İki il əvvəl "Almadan küsən" adlı ilk şeirlər kitabı dərc olunan müəllifin yeni kitabına müəllifin ayrı-ayrı vaxtlarda yazılmış və ilk kitabına daxil edilməyən, eyni zamanda son iki ildə yazılmış şeirləri daxildir.
Elnur bəylə söhbətimizə də elə yeni kitabı ilə körpü salmaq istədik.
(Onu da deyək ki, həmsöhbətimizin arzusu ilə müsahibə yazılı şəkildə hazırlanıb).

- Hər kitab bir yazarın yaradıcılığında yeni mərhələdir, təzə bir başlanğıcdır. Mənsə "Oktyabra məktublar"ı bir az da "Almadan küsən"in davamı kimi görürəm. O şeirlər ki, birinci kitabda toplanmalı idi və mən "Almadan küsən"i çapa hazırlayanda düz-əməlli arxivimin olmaması səbəbindən həmin şeirləri tapıb ora daxil edə bilməmişdim, "Oktyabra məktublar" məhz həmin şeirlərlə başlayır, sonra da müxtəlif dövrlərə aid olan, ilk dəfə ikinci kitabda işıq üzü görən şeirlərlə davam edir. Yəni ikinci kitab əslində birinci kitabı izləyir, eyni zamanda çox keçmədən onların yolu sanki ayrılır, "Oktyabra məktublar" öz ayrıca ruhunu ortaya qoyur, öz ayrıca "nəğməsini" oxumağa, özünün ayrıca bir ömrünü yaşamağa başlayır.
- İndi əksər yazarlar oxucunun kitabdan uzaq düşməsindən gileylənir...
- Əgər söhbət oxucudan gedirsə, - o hər bir şəraitdə vaxt və imkan tapıb oxuyur. Öz "oxucu vəzifəsi"nə daim sadiq qalır. Ona görə də biz daha çox oxucu olmaqdan imtina etmiş insanlar haqqında danışa bilərik. Bəli, vəziyyət ürəkaçan deyil, hətta dəhşətlidir. Kitab əksəriyyətin həyatının bir parçası olmaqdan çıxıb. Kitaba qarşı aqressiv bir münasibət var Azərbaycanda. Bu çox dəhşətli mənzərədir. Heç bir ölkənin inkişafını kitabsız, mədəniyyətsiz təsəvvür etmək mümkün deyil. Kitabsız qazanılan heç bir uğur qalıcı, real ola bilməz. Bunu bizim cəmiyyətdə dərk etməyə çətinlik çəkirlər. Ölkənin taleyini neftin, qazın ümidinə buraxmaq, əsl mədəniyyəti, elmi, təhsili çıxdaş etmək isə bizə böyük fəlakətlər vəd edir. Volter deyirdi ki, "vəhşilər istisna olmaqla bütün insanlar kitabların hökmü altındadır". Nə deməkdir bu? Kitabın olmadığı yerdə nifrət, kin, aqressiya, dağıdıcılıq ruhu hakim olur. Bir vəhşiləşmə başlayır. Baxın ətrafınıza: hər gün nə qədər amansız cinayətlərin, zorakılıqların şahidi oluruq. Səbəb? Səbəb - kitabsız ölkəyə çevrilməyimizdir. Kamyu cəhaləti "bütün pisliklərin anası" adlandırırdı. Təəssüf ki, biz kitabdan, bilgidən, mədəniyyətdən üz çevirdikcə həmin bu "ana" Azərbaycanda ən ağılagəlməz pislikləri böyük bir sürətlə doğub-törəməyə başladı. Hələ də davam edir.
- Xilas yolu yoxdurmu?
- Xilas yolu aydındır: elmə, təhsilə, ədəbiyyata, mədəniyyətə qayıdış! Kitabların xilasedici missiyasına inam!
- Belə fikirlər də var ki, internet çağında ənənəvi kitabın missiyası bitib...
- Mən bu fikri daha çox ənənəvi qəzet haqqında eşitmişəm. İnternet şübhəsiz ki, bəşəriyyət üçün geniş imkanlar açıb, onun yaratdığı fürsətlər həqiqətən möcüzəvidir. Amma mən hər bir halda ənənəvi qəzetin də, ənənəvi kitabın da qalacağına inanıram. Şopenhaurun məşhur sözlərini xatırlayıram: "Kitabxanalar bəşəriyyətin yeganə etibarlı və qalıcı yaddaşıdır". Məşhur filosof internet çağında da bu fikrində qalardımı? Əminəm ki, hə. Kitabxanalarda rəflərin səliqəli düzülüşü - bəlkə də insanlığın ən doğru nizamını göstərir bizə. Bilirsən, ənənəvi kitabxananın öz aurası var, öz havası, kitabın öz qoxusu var, öz nəfəsi. Bəşəriyyətin bu auradan, bu havadan, bu nəfəsdən məhrum olması onun sonu olardı. İnsan havasız, nəfəssiz yaşamayacağı kimi bəşəriyyət də kitablarsız - o özünəməxsus havasız, nəfəssiz necə yaşaya bilər?!
- Amma bizdə indi əksəriyyət kitab oxumadan, sizin dediyiniz həmin "havadan, nəfəsdən" məhrum olaraq yaşaya bilir...
- Siz bunu yaşamaq hesab edirsiniz?! Olsun. Amma mən bunu "sürünmək" adlandırardım. Deyəsən, Rey Bredberinin belə bir sözü var ki, "kitabları yandırmaqdan daha dəhşətli bir əməl də var - bu, kitabları oxumamaqdır". Əgər indi Azərbaycanda kimsə kitab oxumamasını böyük qəhrəmanlıq hesab edir, kitabsız yaşamağı özünə rəva görürsə, nə demək olar? Qoy onlar nə qədər dəhşətli bir əmələ imza atdıqlarını oturub düşünsünlər, kitab oxumamaqla, kitabdan üz çevirməklə 273-cü ildə indiki Misirdə Zenobiyanın üsyanını yatırarkən İsgəndəriyyə kitabxanasını oda verən Roma imperatoru Avrelianın, orta çağ Avropasında Roma həkimi Qalenin kitablarından tonqal çatan Parasels, ötən əsrin 30-cu illərində "nasiszm ruhuna zidd" sayılan kitabları yandıran faşistlərdən daha qorxunc göründüklərini dərk etməyə çalışsınlar.
- Elnur bəy, qayıdaq yeni çapdan çıxan kitabınıza. Heminqueyin fikrincə, "yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib". Bu mənada soruşmaq istəyərdim: "Oktyabra məktublar"ın "suyun altında gizlənən" hissələri varmı?
- Yəni demək istəyirsiniz ki, mən yeni kitabımı "yaxşı kitab" hesab edirəmmi? Axı bu mənim cavab verə biləcəyim bir sual deyil. Həm də mən çalışıram, ədəbiyyat haqqında mürəkkəb düşünməyim. Həyat kimi ədəbiyyatı da qəlizləşdirməyə, mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Həyat kimi, ədəbiyyatın da formulu çox sadədir: zəhmət, cəsarət və ləyaqət! Ona görə də indi sizin Heminqueydən ilhamlanaraq verdiyiniz bu sualdan məhz belə bir cavabla yayınmaqdan başqa yolum yoxdur.
- Amma sadaladığınız üç amilin sırasında istedadı qeyd etmədiniz.
- Mən dünyada istedadsız insan olduğuna inanmıram. Sadəcə, ünvanı səhv salınmış istedad var. Məsələn belə: mühəndis istedadı olan şeir yazır, həkim istedadı olan ev tikir və s. Əlbəttə, şairlik peşə deyil, mühəndis də, həkim də, hər hansı bir başqa ixtisas sahibi də ədəbiyyatla məşğul ola bilər. Necə ki, bizim tanıdığımız bir çox məşhur yazıçı-şairlər tamamilə fərqli peşə sahibləri idi. Tutaq ki, Selincer beşulduzlu dəniz kruizi laynerində animator işləyirdi, yaxud Steynbek balıqyetişdirmə zavodunda anbardar olmuşdu. Ceyms Coys özünün məşhur "Dublinlilər"ini yazarkən fortepianoda çalıb-oxumaqla çörəkpulu qazanırdı. Deyilənə görə, həmin vaxt o düz 22 dəfə işə düzəlmək üçün cəhd eləmişdi, amma hər bir cəhdi uğursuzluqla bitdikdən sonra fortepianonun ümidinə qalmışdı. Bunlar öz yerində. Mənsə "ünvanı səhv salınmış istedad" deyərkən tamamilə başqa bir məqamı nəzərdə tuturam: dərd mühəndis, ya da həkim kimi daha çox uğur qazana biləcəyin halda uğuru ədəbiyyatda axtarmaqdır. Bir sözlə, mən istedadı ədəbiyyatda uğurun əsas şərti kimi görmürəm, sadəcə, istedada bel bağlayıb ədəbiyyatda nəsə əldə etmək mifdir, yalnız zəhmət sayəsində bilgi ilə, savadla tamamlanmış, cəsarət və ləyaqətlə bütövləşmiş istedad ədəbi uğur vəd edə bilər.
- Son vaxtlar cəmiyyətdə şouya meylin artmasını nə ilə izah edirsiniz?
- Bu dəyərlərin dəyərsizləşmə, dəyərsizləşdirmə prosesinin tərkib hissəsidir. Bilirsən, bir yerdəki pul ən yüksək dəyərə çevrilir, pul qazanmaq ehtirası həyat norması, ali məqsəd kimi qəbul olunur, orada dəyərlərin dəyərsizləşməsi qaçılmazdır. Pul ölçü vahididirsə, şou, bayağılıq, zövqsüzlük niyə ayaq açıb yeriməsin? Vəhşicəsinə sərvət hərisliyi, yırtıcı kapitalizm hər şeyin əslini, mahiyyətini inkar etmək imkanları açır. Məhkəmələr haqsız cəzalandırmaq vasitəsinə çevrildiyi, yaxud seçki ilə təyinat arasında sərhədlər itdiyi kimi, eləcə də mədəniyyət öz aliliyindən qopur, kimi üçün bu şöhrət, kimi üçün mənsəb, kimi üçün komfort, kimi üçünsə daha nə bili nə rolunu oynamağa başlayır. Maddi olan hər şey bahalaşdıqca mənəvi olan hər şeyin ucuzlaşması prosesi gedir. Şairlik tamadalıqla, aktyorluq təlxəkliklə, ruhanilik cinçıxaranlıqla, Şeyx Nəsrullahlıqla assosiasiya edilir və s. Daha dəhşətlisi: hansısa bir "bozbaş müğənnisi" çıxıb əsl sənət adamını "bir öz soyuducusuna baxsın, bir də gəlib mənim soyuducuma baxsın" deyə ələ salmaq haqqını görür özündə. Maddiyyatın bu qədər hegemon olduğu yerdə mənəviyyatın yaşamaq şansları həmişə və hər yerdə az olub. Amma sonda qalib gələn yenə əsl sənətdir. Mən buna bütün varlığımla inanıram. Napoleon necə deyirdi: "İki şey dünyada hökm edirr: qılınc və düşüncə. Amma axırda qılınc da düşüncəyə məğlub olur". Görəcəksiniz, bu günün ən amansız və kəskin "qılınc"ı olan pul da əvvəl-axır düşüncəyə, mənəviyyata, mədəniyyətə məğlub olacaqdır.
- Sonda oxuculara sözünüz.
- Mən hazırki həyat şərtlərimizin nə qədər ağır olmasına baxmayaraq, "bir qarın çörək" dərdinin az qala hər şeydən önə keçməsinə rəğmən yenə də insanlarımızdan kitaba, əsl mədəniyyətə, əsl sənətə sahib çıxmalarını gözləyirəm. Bir daha təkrarlayıram: kitab - yeganə xilaskardır! Bu gün tapdığımız o "bir qarın çörək" müvəqqətidir. Onu sabah yerli-dibli tapmaya bilərik. Birigün balalarımız ümumiyyətlə, yeməyə heç nə tapmaya bilərlər. Ona görə də artıq yaralarımızı ağrıkəsicilərlə ovutmaqdan əl çəkməliyik. Elə bir gün gəlməlidir ki, artıq biz ən adi məişət qayğılarının içində boğulmayaq, ömrümüz bozluq və boşluq içində əriyib getməsin, bizim də rəngarəng bir həyatımız olsun, biz də nə vaxtsa ölümün soyuq nəfəsini hiss etməyə başlayanda geri baxıb deyə milək: "Mən sürünmədim, mən yaşadım!" Bax elə bir günə gedən yol kitablardan keçir, mədəniyyətdən keçir. Mənəviyyatı ruhumuza hakim qılmaqdan keçir. Ola bilsin, bu sözlərim çox pafoslu səsləndi, amma nə etməli, həqiqət budur!
Söhbətləşdi: Araz

Oxucuların nəzərinə! Elnur Astanbəylinin "Oktyabra məktublar" adlı yeni şeirlər kitabını Bakıdakı "KitaBaz" kitab mağazasından əldə edə bilərsiniz.
Ünvan: Əlövsət Quliyev küçəsi 72, "Mərkəzi Univermaq"ın (MUM) yaxınlığı.
Mağaza ilə əlaqə üçün telefon nömrələri: 055-576-68-63; 055-725-51-23; 055-576-14-92...