Azərbaycanın birinci xanımı Mehriban Əliyeva: "Birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək"

Kann, Afina və Berlindən sonra "Bakı-2015" ilk Avropa Oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun "Çırağan" sarayında keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə qardaş ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri iştirak ediblər.
Tədbirin iştirakçıları əvvəlcə "Bakı-2015"ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgiyə baxdılar. "Biz birlikdə" adlanan bu sərgidə 20-dən çox Azərbaycan heykəltəraşının əsərləri nümayiş olunub. Müxtəlif cərəyanlara aid bu əsərlərin hər biri ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir.
Sonra qonaqlar Azərbaycanın mənzərələrindən ibarət fotoşəkillərə də baxıblar. Ölkəmizin regionları ilə yanaşı, Bakının müxtəlif mənzərələri, o cümlədən Azərbaycan mədəniyyətinin şah əsərləri bu fotolarda yüksək ustalıqla əks olunub.
Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuzun təsdiqidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə həm də Azərbaycanın idman sahəsində son illərdə qazandığı uğurlara inamın göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi edib. 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı da Bakıda keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz bu günədək olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın mərasimə ünvanladıqları məktub oxunub. Məktubda qədim və müasir Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminlik, qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluq ifadə olunur və bu təqdimatın əhəmiyyəti vurğulanır.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edərək deyib:Qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Minillik tarixə malik və dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulda bu gecə sizləri görmək və salamlamaq mənim üçün çox xoşdur. Çox sağ olun ki, bu axşam bizimlə birlikdəsiniz. Birlik kəlməsi türk və Azərbaycan xalqlarının hisslərini əks etdirir. Birlik və qardaşlıq dövlətlərarası əlaqələrin də əsasıdır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq, xalqlarımızı möhkəm tellər birləşdirir. Baxmayaraq ki, sovet dövründə 70 il ərzində əlaqələr süni şəkildə kəsilmişdi, xalqlarımızın qəlbində qarşılıqlı məhəbbət və hörmət daim yaşamışdır. Biz hər zaman bir-birimizi dəstəkləyirik. Zənnimcə, dünyada ən yaxın və ən doğma qardaş iki dövlət məhz Azərbaycan və Türkiyədir".