Arif Hacılı Qubad İbadoğluna
Arif Hacılı Qubad İbadoğluna "torba tikir"

Müsavat başqanı keçmiş rəqibinin təşkilatını parçalamaq üçün müxtəlif vasitələrə al atır

Xəbər verdiyimiz kimi, Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri və üzvləri birgə bəyanatla çıxış edib.
"Unikal"ın məlumatına görə, byanatda bildirilir ki, ADR-in tutduğu mövqe milli deyil, qərbyönümlü olduğundan Hərəkatdan ayrılmaq haqqında qərar veriblər: "Biz ADR Hərəkatına qoşulan millətinə bağlı gənclər olaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasında təməl prinsiplərdən birinin də xalqımızın milli mənəvi dəyərlərini təbliğ etmək, həmin dəyərləri xarici və yad elementlərin basqısından qorumaq və sahib çıxmaq kimi Milli-İdeoloji hədəflər olacağına əmin idik. Lakin gedən proseslər hərəkatın milli-ideoloji baxımdan bizim milli-ictimai baxışlarımız ilə üst-üstə düşmədiyini göstərdi. Biz həm də öz gizli maraqlarını güdən, bu maraqları naminə bütün çirkin oyunlara gedən məlum dünya gücləri ilə yaxınlaşmayan, ancaq millətimizin milli-mənəvi iradəsinə söykənən bir təşkilatda təmsil olunmaq üçün ADR-i seçdik, amma bunun əksinə olaraq ADR Hərəkatının açıq qərbmeylli mövqeyi bizi bir daha düşünməyə vadar etdi. Bu səbəbdən biz elan olunmaq mərhələsini yaşayan ADR hərəkatının iştirak, təşkilatlanma və quruculuq prosesindən rəsmən ayrıldığımızı bəyan edirik".
Bu barədə "Unikal"a məlumat verən Müsavat funksionerlərindən birinin sözlərinə görə, bu bəyanatı Arif Hacılı təşkil etdirib. Belə ki, Müsavat başqanı Qubad İbadoğlunu partiya sıralarından xaric etsə də, onun güclənməsini həzm edə bilmir. Ona görə də A.Hacılı Q.İbadoğluna belə bir torba tikir.
Bunu Q.İbadoğlunun özü də deyir. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu bəzi üzvlərinin istefasına münasibət bildirərkən deyib ki, vəziyyət təqdim olunan kimi deyil: "Xəyyam Məmməd təxminən 5 gün əvvəl, mən səfərdə olanda öz təşəbbüsü ilə ADR-in "Gənclər Qrupu"nu yaradıb. Onun bu istiqamətdə təşəbbüsü və sədr seçilməsi üçün cəhd göstərməsi ilə dünənki açıqlaması arasında bir məntiqsizlik var. Yəni ki, bu adam həqiqətən səmimi olsaydı, bununla bağlı heç bir müzakirədə iştirak etmədən, siyasətimiz, kursumuz barədə heç bir sənəd ortada olmadan belə gülünc bəyanatla çıxış etməzdi. Məqsədli şəkildə özü bu prosesə qoşulub, əvvəldən də hərəkətlərində şübhə doğuran məqamlar var idi". O, X. Məmmədin başqa məqsədlərinin olduğunu əvvəlcədən hiss etdiklərini söyləyib: "Mənim burada olmamağımdan istifadə edərək belə bir təşəbbüs qrupunun yaradılması ideyası ilə çıxış edib. Gənclər qrupuna sədr seçilmək üçün hər vasitəyə əl atmışdı. Mənə verilən məlumata görə, onun açıqladığı siyahıda olan 5 nəfərdən 3-ü istefadan xəbərsiz olduğunu bildirib. Səfərdən qayıtdıqdan sonra onunla görüşməmişəm, aramızda heç bir müzakirə olmayıb. Özü iclaslarda iştirak etmək üçün cəhd edirdi. Biz dəfələrlə ona xatırlatmışıq ki, siz Təşkilat Komitəsinin üzvü deyilsiniz, o isə bildirirdi ki, mənə maraqlıdır. Bundan sonra biz müəyyən mənada hiss edirdik ki, bu şəxsin başqa məqsədləri də var".
Görünən odur ki, Qubad İbadoğlu Müsavat sıralarından xaric olunsa da, mübarizəni davam etdirmək fikrindədir. Amma Arif Hacılının da ona qarşı qərəzinin qısa müddətdə aradan qalxacağı inandırıcı görünmür.
Qərib Gərayzadə