“Rəssamlıq edirəm, dülgərlik sənətini yaxşı bacarıram” – MÜSAHİBƏ

15 Sentyabr 2016 [15:28]


Vaqif Əsədov: "Vəzifəyə getmək asan işdi, onu icra etmək bacarıq və qabiliyyət tələb edir”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov hər gün medianın diqqətində olan şəxslərdəndir. Xüsusən də tədris ilinin başlandığı günlərdə yollarda sıxlığın yaranması yol polislərinin işini daha qabarıq göstərir. Unikal.org-un budəfəki müsahibi olan V.Əsədovla söhbətimiz ovqat tipli oldu:

-Vaqif müəllim təqaüdə nə zaman çıxırsınız?

-Nə vaxt desələr, onda da çıxıb gedəcəm.

- Sizdən sonra jurnalistlərlə Vaqif Əsədov kimi işləməyi bacaran kimsə varmı?

-İşinin peşəkarı olan çoxlu sayda əməkdaşlarımız var. İnanıram ki, onlar məndən də yaxşı mətbuat işçiləri ilə əməkdaşlıq edəcəklər.

-Təqaüdə çıxdıqdan sonra hansısa işlə məşğul olmağı düşünürsünüz?

-Sözsüz ki, səhhətim imkan verərsə, işləmək üçün enerjim, gücüm var. Başqa sahələrdə bacarığımı göstərə bilərəm.

-Təqaüdə çıxdıqdan sonra hansısa qəzetə baş redaktorluq təklifi gələrsə, qəbul edərsiniz?

-Yox. Əvvəla, baş redaktor çox məsuliyyətli vəzifədir və bunun da özünün böyük səlahiyyətləri var. Mən gözümü yumub vəzifə dalınca gedən insan deyiləm. O sahədə işləmək üçün ən azı bir qədər müxbir işləməliyəm, təcrübə toplamalıyam. Vəzifəyə getmək asan işdi, onu icra etmək bacarıq və qabiliyyət tələb edir. İcra edə bilməyəcəyim vəzifəni niyə tutum ki? Birbaşa baş redaktor təyin olunsam bu işi icra edə bilmərəm.

- Ümumiyyətlə, mətbuat sahəsində çalışmağa həvəsiniz varmı?

-Mənim istənilən sahədə işləməyə həvəsim var. Mənim əsil hobbim rəssamlıqdır.

-Rəssamlıq sahəsində istedadınız, çəkmək qabiliyyətiniz varmı?

-Rəssamlıq edirəm. Dülgərlik sənətini yaxşı bacarıram. Zərgərlik sahəsində təcrübəm var. Uzun müddət Bakı Dövlət Universitetində rəssam işləmişəm. Tikinti və ya memarlıq sahəsi mənim üçün çətin deyil. Çox sahələrdə özümü sınamışam. Səhhətim imkan verərsə, böyük məmnuniyyətlə bacarığımı bu sahələrdə tətbiq edə bilərəm. Təqaüddə olan zaman da çalışacağam ki, ictimaiyyətin diqqətində olum. Bu gün qazandığım nailiyyətlərimə görə, yuxarıda Allahıma, yerdə rəhbərliyimə və siz ictimaiyyət nümayəndələrinə minnətdaram.

-Yeni dərs ili başlayıb. İllər öncə məktəbə getməyinizi necə xatırlayırsınız?

-Nostalji hisslər keçirirəm. Mənim birinci sinfə getdiyim zamanla indiki zamanı müqayisə etmək çox çətindir. 1968-69-cu illərdə komfortlu avtomobillər, mobil telefonlar yox idi. Bizim dədələrimiz, babalarımız bizimlə məktəbə getməyib. Anamız bizi əlimizdən tutub məktəbə aparıb, müəlliməyə təhvil verib. Mən Ordubad 3 nömrəli məktəbdə birinci sinfə getmişəm. Fürsətdən istifadə edib mənə dərs deyən müəllimlərimi salamlayıram. Dünyasını dəyişənlərə rəhmət diləyirəm. Müəllimlərimin bəziləri ilə indi də əlaqəm var. Hər dəfə rayona gedəndə təhsil aldığım məktəbə baş çəkirəm. Orada mənim çoxlu əl işlərim var idi. Əziyyətli də olsa, məktəbi oxuyub, bitirdik instituta qəbul olunduq.

-Dinə münasibətiniz necədir? Həcc ziyarətinə getmək barədə düşünürsünüzmü?

-Bu işdə içdən gələn səsə qulaq asmaq lazımdır. Mən hələ buna hazır deyiləm. Zaman gələr özümü hazır hiss etsəm mən də bu yolu getmək istərdim. İnsanın düşüncəsi ilə etdiyi hərəkət üst-üstə düşmürsə o yola getmək düzgün deyil.

Həsən Babayev














SON XƏBƏRLƏR davamı
2017-07-26
2017-07-25








SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (17.39%)
Xeyir (82.61%)


TƏQVİM