İnzibati Prosessual Məcəllədə etiraza səbəb olan maddə qanundan çıxarıldı; Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinin məhkəmə qərarlarını heçə saymaq istəyinin qarşısı alındı.

Prezident İlham Əliyev İnzibati Prosessual Məcəlləyə dəyişikliklər haqda maraqla gözlənilən qanunu imzalayıb. Geniş ictimaiyyətin diqqətini o qədər də cəlb etməyən bu dəyişiklik son günlər hakimiyyət kuluarlarında və bəzi media orqanlarında ciddi müzakirə mövzusuna çevrilmişdi.

Çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının təklif etdiyi qanun layihəsi bu qurumun sədri Rüfət Aslanlını "super məmur edə bilərdi. Məsələn, məcəllənin 92-1-ci maddəsi maliyyə bazarlarına nəzarət orqanında banka müvəqqəti inzibatçı təyin edilməsi, bankın lisenziyasının ləğvi və bankın rezolyusiyası çərçivəsində qəbul olunmuş digər qərarları hətta məhkəmənin ləğv edə bilməyəcəyini nəzərdə tuturdu.

Maddəyə görə, maliyyə bazarlarına nəzarət orqanının qərarlarından şikayətin verilməsi həmin qərarların icrasını dayandıra bilməzdi. Sözügedən qanun layihəsinin müzakirəsi ötən ayın sonu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında başlayıb. R.Aslanlı müzakirələrdə demişdi ki, qanun layihəsinin üzərində 1 il iş gedib. Maraqlıdır ki, ali məhkəmə orqanına bu cür sayğısız münasibət və Palataya hüdudsuz səlahiyyət verən layihə parlamentin 7 aprel iclasında qəbul edilib və imzalanmaq üçün prezidentə göndərilib.(musavat)