Xəbər verdiyimiz kimi, mayın 5-də saat 23:00 radələrində Tovuz şəhəri ərazisində "Porsche" markalı avtomobil qəzaya düşüb. Qəza nəticəsində "Nərgiz klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğlu, avtomobili idarə edən şəxs, polis zabiti Zakir Qəhrəmanov dünyasın dəyişib.

Mərhumun qardaşı Anar Qəhrəmanov Unikal.org-a müsahibə verib. O, qardaşı Zakir Qəhrəmanov haqqında yayılan şaiələrə də münasibət bildirib.

-Anar müəllim hadisə necə baş verib?

-Bu faciədir və hər kəsin başına gələ bilər. (kövrəlir-red) Mən qardaşımın geri qayıtması üçün ürəyimi verərdim. Ancaq bu mümkün deyil. Qardaşım getdi-¦ Məni hər halda başa düşürsünüz. (kövrəlir-red) Biz özümüz də hadisənin necə baş verməsini dəqiq bilmirik. Hazırda araşdırma gedir. Hər kəs kimi biz də araşdırmanın nəticələrini gözləyirik.

-Məlumatımıza görə, qardaşınız polis zabiti idi?

-Bəli. Qardaşım Tovuzda polis şöbəsində çalışırdı.

-Belə fikirlər səsləndirirlər ki, qardaşınız guya hadisə baş verən zaman içkili olub...

-Dünən də bir məlumat yazıblar ki, guya toydan çıxdıqdan sonra olub. Ancaq bu belə deyil. Qardaşım həmin gün toyda olmayıb. Bir daha qeyd edim ki, o Tovuzda polis bölməsində işləyirdi. Mənim qardaşım içki içən olmayıb. Biz ailəliklə Hacıyıq. Bizim ailədə içki söhbəti ola bilməz. Mən qardaşım barədə gedən informasiyalara baxa bilmirəm. Sosial şəbəkələrdə onunla bağlı artıq-əksik fikirlər yazırlar. Özüm bəzi şərhlərin altında nömrəmi yazıram. Qeyrəti çatıb məni yığan olmur. Çox xahiş edirəm mənim qardaşımı rahat buraxsınlar. Qoy onun ruhu sakit olsun. Xoşagəlməz fikirlər yazanın Allah bəlasını versin. Allah onların başına elə bir oyun gətirər ki, pis günə qalarlar. Onda mən də həmin sözü onlara yazaram. Yazırlar ki, polisdir, belə də olmalı idi. Sən bunu tanıyırsan? (əsəbləşir-red) Jurnalistlərimizdən də çox razıyam. Onlar məlumatları düzgün yazırlar. Mənim anam tanınmış həkimdir. Aydın msələdir ki, bu məlumatlar yazılacaq.

-Sosial şəbəkələrdə yazırlar ki, kiçik rütbəli polisin pulu hardandır "Porsche sürür?

-Vallah qardaş mənim atam da, qardaşım da rəhmətə gedib. Onların ikisinin də ruhuna and olsun qardaşım iki il əvvəl bu avtomobili kreditlə alıb(kövrəlir-red). İndi də o avtomobilin krediti var. Bunu bankdan da öyrənə bilərsiz. Sənədlərini də təqdim edə bilərəm. Qardaşım bir il idi ki, polis sisteminə bərpa olunmuşdu. Onun polis olmamışdan qabaq da bu avtomobili var idi. Məlumatsız adamlar yazırlar ki, camaatın haqqına girib "Porsche sürür(əsəbləşir-red). Ay-¦sən bir maraqlan gör bu avtomobili necə alıb? Ötən ay polisə qayıtmağının bir ili tamam olmuşdu.

-Eşitdiyimizə görə, qardaşınız Tovuzda yaxşı hörmət qazanıb?

-(kövrəlir-red) Tovuz rayonu onu yaxşı tanıyırdı. Kimsə deyə bilməzdi ki, qardaşım ondan bir manat pul alıb. Amma bəzi insanlar onun haqqında ağızına gələni yazırlar. Tanımadığım insanlar mənə zəng edirlər ki, qardaş sən əsəbləşmə, biz ona qardaşdan da artığıq. Özümüz hər şeyi yoluna qoyacağıq.

-Hadisədən nə qədər əvvəl Sizinlə əlaqə saxlayıb?

-Ölümündən 3 saat əvvəl mənə zəng vurdu. Bildirdi ki, qardaş əmrim verilib. Hacıqabula təyinat almışam(kövrəlir-red). Dedi 6-cı gün Bakıda olacaq. Ancaq qardaşım gələ bilmədi(kövrəlir-red). Bu gündən Hacıqabulda işə çıxmalı idi. Qardaşım iki ali məktəb qurtarmışdı. Savadlı insan idi.

-Rəhmətlik ailəli idimi?

-Bəli. 8 yaşında bir oğlan övladı var (kövrəlir-red). Atasının öldüyünü bilmir. Deyə bilməmişik (kövrəlir-red)

-Hazırda Məlahət xanım özünü necə hiss edir?

-Hazırda Məlahət xanımın səhəti yaxşıdır. İki oğlu qaldı. Polis rəislərinə kimi yas mərasiminə gəlmişdilər. Onlar hamısı təəccüblənirlər ki, bu hadisə necə baş verdi? Qardaşım gözə-nəzərə gəldi. Allah sizdən də razı olsun. Çox xahiş edirəm dediklərimi olduğu kimi yazasınız.

Amid Əyyuboğlu