Xəbər verdiyimiz kimi, "Planet Parni iz Bakunun konsertində Bakı meri Hacıbala Abutalıbov kəskin tənqid edilib.

Unikal.org azxeber.com-a istinadən xəbər verir ki, satirik mahnını ifa edən müğənnilər məsələyə münasibət bildiriblər.

Nadir Qafarzadə açıqlamasında bu hərəkətin, sadəcə, yumor olduğunu deyib: "Bu, yumordur. "Planet parni iz Bakunun tamaşaları üçün çəkilmiş bir videodur. Bunu siyasətə bağlamaq olmaz. Yumor insanlar tərəfindən normal qəbul olunmalıdır. Mahnıda nə söyüş, nə də siyasətlə bağlı nəsə var. Xahiş edirəm, siyasəti mədəniyyətə qarışdırmayın.

Müğənni "Bu ifaya görə "qara siyahıya düşə bilərsinizmi? sualına isə belə cavab verib: "Qadağa qoymaq istəyirlər, qoysunlar. Dünyanın axırı deyil ki...

Elçin Cəfərov açıqlamasında siyasətdən uzaq olduğunu bildirib: "Bakı merinin siyasətinə qarşı çıxış edə bilmərəm. Mən siyasətdən uzaq insanam. Hər zaman siyasətdən yan qaçmışam. Düzdür, o layihədə iştirak etmişəm, amma siyasi söhbətlərdə adımın hallanmasın istəmirəm. Bu KVN-in layihəsi idi, biz də müəyyən vaxtlarda gəlib mahnını ifa etmişik. Yəni məqsədyönlü bir şey yoxdur, bu, bir yumordur.

Əməkdar artist Tünzalə Ağayeva layihənin çoxdan lentə alındığın bildirib: "Bu layihə 3 il əvvəl lentə alınıb. Sadəcə, indi mətbuatda yer alıb. Bizə deyilmişdi ki, mahnı həmin an salonda səslənəndə Hacıbala Abutalıbov da orada olacaq və onun bu layihədən xəbəri var.

Müğənni Elnarə Xəlilova isə onları bir cümlə ilə ifadə edib: "Bu, sadəcə, bir yumordur.

Teleaparıcı Murad Arif isə bu haqda daha geniş danışıb: "Bu nömrə 2 il öncə "Planet Parni iz Baku teatrının bir səhnəciyi üçün çəkilmiş videoçarx idi. Mətn və ideya, başda Tahir İmanov olmaqla, həmin teatrın üzvlərinə məxsusdur. Bu klip 2 il öncə Heydər Əliyev Sarayında, konsertin özündə də yayımlandı. 3 saatlıq tamaşada adəti üzrə bir çox adamlar tənqid olundu, çox vacib məqamlara toxunuldu. Təklif ediləndə də bizə deyilmişdi ki, mer özü sarayda olacaq və onun bu tip zarafatlara münasibəti normaldır, mahnıdan sonra təbrik ediləcək və sair. Bu gün, bir tək bu nömrə ümumi tamaşadan (kontekstdən) çıxarılıb, paylaşıldı. Adı da qoyulub ki, "Ulduzlar tənqid etdi. KVN-in gözəlliyi, məncə, satiradır, tənqiddir. Şəxsən buna normal yanaşıram. Tamaşa da gözəl idi. Amma müəyyən fraqmentləri çıxarıb qərəzli təqdim etmək bir az təəssüf, bir az da təəccüb doğurur.