Tələbələr arasında dünya çempionatının qalibi, 3 dəfə dünya kuboku mükafatçısı, əməkdar idman ustası, prezident mükafatçısı Ramal Amanov Rusiyada başına gələnlərdən və öz gücünə qazandığı uğurlardan danışıb. Unikal.org-a müsahibə verən tanınmış boksçu Əli İsmayılovun "Azərbaycanda Peşəkar boksçu yoxdur fikrinə də münasibət bildirib.

- Yarışlara xarici ölkə adına qatılırsız?

- Hazırda Bakıya yeni gəlmişəm. Mən Azərbaycanın adıdan döyüşürəm, hər döyüşdə də ölkəmin bayrağını qaldırıram. Amma Azərbaycanda peşəkar boks Federasiyası olmadığına görə, dünya arenasında rinqə çıxmaq üçün lisenziyanı Rusiyadan almışam.

- Yəqin Əli İsmayılovun müsahibəsindən xəbərdarsınız. Əli İsmayılov iddia edir ki, "Azərbaycanda peşəkar boksçu yoxdur.

- Əgər olmasaydı mən 11 döyüşdə 11 qələbə qazana bilməzdim, WBA international Champion kəmərini necə qazana bilərdim?! WBA international ve WBA fedelatin kemerlerinin sahibiyəm.

- Sizcə Əli İsmayilov niyə elə düşünür?

- Məncə o hamıya aid deyil. Mənim keçirdiyim döyüşlər "youtubeda da var. Şəxsən mənim üçün fərq etmir kim olur olsun, hər bir boksçuyla döyüşməyə hazıram. 5 ildir Moskvada yaşayıram. 2015-ci ildə dünya reytinqində "15 ən güclü boksçu içərisində 13-cü yerdəyəm. Cənab prezidentimiz tərəfindən ev mükafatı da almışam. Amma Azərbaycan adından döyüşdüyümə görə, 2016-ci ildə Rusiya mənə döyüş vermədi. Rusiya bayrağı ilə döyüşməyimi tələb etdilər. Mən də hər zaman Azərbaycan bayrağı altında döyüşəcəyimi dedim. Mənə deyirdilər ki, Rusiya vətəndaşlığını qəbul et, özün də "Metirka"nı gətir dəyişdirək. Guya ki, 1984-cü ildə Moskvada doğulubsan, sonra Azərbaycanda yaşayıbsan. İndi isə yenidən "vətənin Rusiyaya qayıdıbsan. Bildirdim ki, belə şey mümkün deyil, mən azərbaycanlıyam və Azərbaycanda da doğulmuşam. Ona görə 2016-ci ildə mənə döyüş vermədilər və WBA-nın cədvəlindən çıxardılar.

- Hazırda fəaliyyətinizi necə davam etdirirsiniz?

- Lisenziya Rusiya adına verilir. Bir ay bundan öncə 11-ci döyüşümü qalb başa vurdum. Onu da diqqətə çatdırım ki, bizdə federasiya olmadığına görə heç bir dəstək yoxdur, bütün xərcləri özüm edirəm. Azərbaycanın bayrağını dalğalandırarkən Rusiya telekanallarında canlı yayımlandı.
Bütün dünyaya göstərirəm ki, Azərbaycanın da peşəkar boksçuları var.

- Azərbaycanı tərk etmə səbəbiniz nədir? Burada sizə maneə olan nəsə olub?

- Heç bir şey maneə olmur, sadəcə təlim-məşq toplantılarına görə Rusiyaya gedirəm.

- Bəs Gənclər və İdman Nazirliyindən hər hansı dəstək alırsınız?

- Yox, heç bir dəstək almıram.

- Kömək üçün müraciət etmisiniz?

- Hər şeyi öz gücümə həll edirəm. Bir dəfə maraqlandım, dedilər bizdə professional boks federasiyası yoxdur, heç bir köməklik göstərə bilmərik. Bu barədə çox danışmaq istəmirəm.

- Sizə hazırda Rusiyada maneə olmaq istəyənlər var?

- Maneə olmaq istəyirlər, amma orada öz çəkimdə bütün boksçulardan güclüyəm. Hələ ki, hər şey normaldır.

- Öz gücümə deyirsiz... Maraqlıdır, döyüşlərinizi keçirmək üçün vəsaiti necə təmin edirsiz? Biznesiniz var, ya qalib olduğunuz döyüşlərdən qazandığınız pulla?

- Yox, mənə döyüşdən çox az pul verirlər, müqavilədə olanın 10-15 faizini... Qalanını özləri götürür. Döyüşlər, məşqlərimin təşkili üçün dostlarım kömək edir. Heç bir biznesim yoxdur.
Məsələn, müqavilədə 20 min dollara döyüşürəmsə 3-4 min civarı pul alıram. Elə olub ki, 25 min dollara imza atmışam heç nə verməyiblər.

Aygün İlqarqızı