11 aprel Azərbaycan Respublikasının Prezidentinin seçkiləri Ölkə qanunvericiliyi və beynəlxalq normalara uyğun keçirilib.

Unikal.org xəbər verir ki, BMAM-ın Müşahidə Missiyası seçki günü Bakı şəhəri və regionlar da daxil olmaqla 50-dən artıq seçki dairəsi və 200-ə yaxın seçki məntəqəsində müşahidələr aparıb. Müşahidə aparılan məntəqələr Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, səhər saat 08:00-da seçiciləri qəbul etməyə başlamışdır. Axşam saat 19:00-da səsvermə başa çatmışdır. Müşahidə Missiyamız olduqları seçki məntəqələrində səsvermənin yekunlarını, habelə səslərin sayılması prosesini yaxından izləmiş və heç bir qanun pozuntusu faktı qeydə almayıb.

Məntəqələrdə prezidentliyə namizədlərin vəkillərinə, müşahidəçilərinə və məşvərətçi səs hüquqlu məntəqə seçki komissiyalarının üzvlərinə normal və maneəsiz şərait yaradılıb. Eləcə də mətbuatın səsvermə prosesini izləməsi zamanı hər hansı problem qeydə alınmayıb. Həmçinin, müşahidə aparılan məntəqələrin əksəriyyətində exit-pollun keçirilməsi qeydə alınıb.

Məntəqələr üzrə gün ərzində yüksək seçici fəallığı müşahidə edilmiş, həmçinin xarici müşahidəçilər geniş heyətdə seçkiləri izləyiblər. Müşhidəçilərimizin olduğu ən ucqar seçki məntəqələrində belə yüksək seçici fəallığı qeydə alınıb. Dairə və məntəqələrdə yerli və beynəlxalq müşahidəçilər fəaliyyətlərini sərbəst qurmuş, gün ərzində seçki prosesini yaxından izləmişlər. Həmçinin, müstəqil müşahidəçilərin gün ərzində apardıqları monitorinqlər kifayət sayda çox olub.

Müşahidələrə əsasən deyə bilərik ki, prezident seçkiləri zamanı heç bir qanun pozuntusu baş verməmişdir. Seçkinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi və beynəlxalq normalara uyğunluğu yüksək səviyyədə təmin edilmişdir. İntensiv olaraq apardığımız müşahidələr bu seçkilərin demokratik cəmiyyət quruculuğu yolunda növbəti mühüm addım olduğunu göstərir. Bu seçkilərdə seçki texnologiyalarının tətbiqi imkanları daha da genişləndirilmiş, seçici hüquqlarını məhdudlaşdıra biləcək bütün digər hallar aradan qaldırılıb.

Beləliklə də, apardığımız müşahidələr göstərdi ki, 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkisi azad, demokratik və şəffaf, eyni zamanda beynəlxalq seçki prosedurlarına uyğun şəraitdə keçirilib.