Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov Unikal.org-a müsahibə verib. O, müsahibəsində dövlətə və xalqa bağlılığından danışıb. Cəsarət Əhmədov həmçinin qol güləşinin inkişafı ilə bağlı gələcək planlarından söhbət açıb.

- Federasiyanın inkişafı nə yöndədir?

- Bu gün Azərbaycanda 88 federasiya var. Biz də özümüzü onlardan ayırıb, tərifləmək istəmirik. Amma əslində buna heç ehtiyac da yoxdur. Çünki bizim gördüyümüz işlər də, inkişafımız da dölətimizin, xalqımızın gözü qarşısındadır. Milləmiz, dövlətimiz görür ki, Azərbaycan Qol Güləşi Federasiyası qısa bir müddətdə necə dinamik şəkildə, sürətlə inkişaf etməyə başladı.

Mən 2008-ci ildə federasiya prezidenti seçiləndə bizim nə möhürmüz, nə də yerimiz var idi. Buna görə də mən ilk növbədə İçərişəhərdəki evimi federasiyanın baş ofisi etdim. Hazırda da o ofis durur. Halbuki, həmin vaxt mənzili yeni təmir etdimişdim ailə həyatı quracaqdım.

Daha sonra "Qol güləşi idman jurnalını çıxartdıq, sonra İctimait TV-də "Var gücü ilə layihəsini yaratdıq. Bununla da qol güləşini bir növ reklam edib, tanıtmağa çalışdıq. Şükürlər olsun ki, istəyimizə nail olmuşuq.

Onu da deyim ki, bizim idman növü dünyanın bir çox ölkələrində armrestlinq kimi tanınır. Lakin mən Ədliyyə Nazirliyinə müraciət etdim və biz Qol Güləşi Federasiyası kimi qeydiyyatdan keçdik. Beləliklə də bu idman Azərbaycanda qol güləşi kimi tanınmağa başladı.

- Federasiyanın ilk prezidenti sizsiniz?

- Bəli, bu qurum mənim tərəfimdən təsis olunub və onun ilk prezidenti də mənəm. Deməliyəm ki, mənim federasiyaya gəlişimdən əvvəl, 1996-1997-ci illərdə də bu idman növü ölkəmizdə var idi. Lakin bir qurum kimi rəsmi qeydiyyatdan keçməmişdi. Həmçinin Avropa və dünya armrestlinq federasiyalarının da üzvü deyildik. 2009-cu ildə Azərbaycan Qol Güləşi Federasiyası mənim tərəfimdən təsis olundu və rəsmi qaydada Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Yalnız bundan sonra biz Avropa Armrestlinq Federasiyasının və Dünya Armrestlinq Federasiyasının tam hüquqlu üzvü olduq.

- Qol Güləşinin keçmiş rəhbərliyi ilə münasibətləriniz necədir?

- Bu idmanın Azərbaycanda tanınmasında, yayılmasında az-çox əməyi olan hər kəslə münasibətlərimiz çox gözəldir. Qurumun keçmiş rəhbərliyindən Rəhim Rəsulov da hazırda federasiyamızda vitse-prezident kimi fəaliyyət göstərir. Bizim yeganə məqsədimiz də idmanımızı inkişaf etdirməkdir.

Bilirsiniz ki, Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda idmanın inkişagına xüsusi diqqət və qayğı göstərir. Bizim də borcumuz hər zaman cənab Prezidentimizə dəstək olmaq, onun ətrafında daha sıx birləşməkdir. Mən də, federasiyamızın bütün əməkdaşları və idmançıları da hər zaman çalışmışıq ki dövlət başçısının etimadını doğruldaq. Mən özüm dəfələrlə müxtəlif dövlət tədbirlərində Ölkə Prezidenti ilə görüşmüşəm. Deməliyəm ki, o, idmançıların böyük dostudur. Qürurla deyə bilərəm ki, bu gün Prezidentin diqqət göstərdiyi idman növlərindən biri də qol güləşidir.

-Bölgələrdə fəaliyyət göstərirsiniz?

- Bu gün 36 bölgədə bizim nümayəndəliyimiz var. Bu say artmaqda davam edir. Hər bir nümayəndəlik də 50-60 idmançını təmsil edir. Ümumilikdə isə, hazırda ölkə üzrə bütün zallarımızda fitnes və qol güləşi ilə məşğul olan idmançıların sayı 6 minə yaxındır. Onu da deyim ki, artıq bizim Qol güləşi üzrə Milli yığma komandamız da formalaşıb. Millimizin tərkibində ölkəmizi ləyaqətlə təmsil edə biləcək idmançılar seçilib. Həmçinin biz qərara almışıq ki, daha çox yeniyetmə idmançılara üstünlük verək. Çünki idmanımızın gələcəyi də məhz onlarla bağlıdır.

- Federasiyanın bütün maddi və digər ehtiyacları sırf sizin tərəfinizdən qarşılanır? Bizdə olan məlumata görə hansısa vəzifəli şəxsin də bu qurumla bağlı adı hallanır...

- Dediyim kimi, federasiyanın yeganə rəhbəri təkcə mən özüməm. Əlimizdən gələn qədər federasiyanın da, bütün idmançılarımızın da maddi ehtiyaclarını qarşılamağa çalışırıq. Heç bir kənar şəxsin də federasiyamıza heç bir aidiyyatı olmayıb və yoxdur. Yeganə dəstəyimizi dövlətimizdən və ölkə rəhbərliyindən gözləyirik və görürük.

- Özünüz idmanla məşğul olmusunuz?

- Əvvəllər kunq-fu idman növü ilə uzun müddət məşğul olmuşam. Sonradan qol güləşi idman növünə gəlmişəm. Qol güləşi üzrə dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı olmuşam. Hazırda peşəkar səviyyədə olmasa da, həvəskar kimi həm fitnes, həm də qol güləşi ilə məşğulam.

- İdmançınız Mirtaleh Aslanovla problem olmuşdu. Bunun səbəbi nə idi?

- Mirtaleh Aslanov da federasiyamızın yetirməsidir. Aramızda da heç bir problem yaşanmayıb. Sadəcə mən Mirtalehi rəsmi Avropa və dünya çempionatlarında görmək istəyirdim. O isə, qeyri-rəsmi, belə deyək, "pullu yarışlarda iştirak etməyə üstünlük verdi. Buna görə də bizim yollarımız ayrıldı və indi o, bizim komandada deyil.

- Ötən il həbs olunduğu deyilən AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə sizin qardaşınızdır?

- Bəli, qardaşımdır və bir ziyalı insan, savadlı alim kimi ona hörmətim çox böyükdür. Buna baxmayaraq onun öz yolu var, mənim öz yolum... Biz bir-birimizin işinə heç vaxt qarışmırıq. Amma bunu deməliyəm ki, həmin vaxt onun haqqında bütün mətbuatda yazılanların hamısı tamamıilə böhtan və şantaj xarakterli materiallar idi. Sadəcə olaraq, qardaşımın öz dostu ilə aralarında münasibətləri zəmnində müəyyən anlaşılmazlıq yaranmışdı ki, bunun da hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasından sonra haqq-ədalət öz yerini tapdı.

- Mətbuatda sizin küslü olduğunuz da deyilirdi...

- Tamamilə yanlışdır. Əvvəl də dediyim kimi, o, mənim qardaşımdır və ona hörmətim, sayğım var. Sadəcə mən idman, o isə elm sahəsindədir. Tamamilə başqa sahələrdəyik, buna görə də heç bir iş birliyimiz yoxdur.

- Son olaraq, bölüşmək istədiyiniz bir fikriniz varmı?

- Qeyd edim ki, bu yaxınlarda Dünya Armrestlinq Federasiyasının Türkiyədə keçirilən konfransında biz 2022-ci ildə dünya çempionatının Azərbaycanda keçirlməsi üçün namizədliyimizi irəli sürdük. Səsvermə zamanı 81 ölkədən 80-i bizə səs verdi. Həmin çempionatda Azərbaycana 90-a yaxın ölkədən 1500 idmançının gəlişi gözlənilir. Bununla bağlı bəzi texniki məsələlərin həlli üçün bir müddət əvvəl Dünya Armrestlinq Federasiyasının prezidenti və baş katibi Azərbaycanda işgüzar səfərdə oldular. Televiziya kanallarına verdikləri müsahibələrində onlar federasiyamızın fəaliyyətini və beynəlxalq nüfuzunu yüksək qiymətləndirdilər. Əminəm ki, məhz dövlətimizin dəstəyi sayəsində biz 2022-ci ildə ölkəmizdə Qol güləşi üzrə dünya çempionatını yüksək səviyyədə keçirəcəyik. Öz növbəmizdə biz də cənab Prezidentin etimadını hər zaman doğruldacağıq, xalqımızı möhtəşəm uğurlarımızla sevindirəcəyik.

Aygün