Ölkə başçısının tənqid etdiyi məsələnin baiskarları icra başçıları imiş

Məlum olduğu kimi, üç gün öncə Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında əkib-becərilməyən torpaqlar mövzusunda da danışıb.

Ölkə başçısı bildirib ki, minlərlə torpaq sahələri hasarlanıb: «Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir».
Prezident səmərəli şəkildə istifadə edilməyən torpaqların «sahibkarlardan və yaxud da ki digər şəxslərdən» alınmalı olduğunu söyləyib.
Artıq bu məsələ ilə bağlı bir çox təfərrüatlar aydınlaşmaqdadır.

"Unikal"ın məlumatına görə, dünən Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə zəbt edilən və əkib-becərilməyən torpaqlarla bağlı bəzi məqamlara aydınlıq gətirib. «Aparılan nəzarət tədbirləri nəticəsində torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb. Belə ki, ölkə üzrə mövcud olan 1.8 mln. hektar əkin sahəsinin 198 min hektarı (11.3 faizi) istifadə olunmur»- adıçəkilən Dövlət Komitəsinin açıqlamasındla belə deyilir.
Komitənin rəsmi saytında deyilir ki, 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanası, 6 min hektarda isə 222 qanunsuz balıq gölü yaradılıb. İcra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsini qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verib, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.Komitə bildirir ki, 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1.2 mln. hektar torpaq sahəsinin 44.3 min hektarı faktiki istifadəsiz qalıb: «Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri-kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir».

Xatırladaq ki, əkib-becərilməyən torpaqlar mövzusu bir neçə aydır aktuallaşıb. Bu ilin fevralında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, belə torpaqlar insanların əlindən alınmalıdır. Sahibkarlara, fermerlərə kənd təsərrüfatı sahəsində kredit və subsidiyalar isə torpaq sahəsinə görə yox, onlara istehsal etdiyi məhsula görə verilməlidir.Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycanda kənd təsərrüfatı üçün verilmiş çoxlu torpaq sahələri var ki, istifadəsiz qalıb.Qanunvericiliyə görə, kimsə torpaqdan istifadə etmirsə, ondan alınmalıdır: "Vaxtilə Torpaq Məcəlləsini, "Torpaq islahatı haqqında" Qanunu qəbul edilərkən orada göstərilmişdi ki, kimsə verilən torpaqdan 2 il istifadə etmirsə, o adamın əlindən torpaq alınır. Prezident İlham Əliyev də göstəriş verib ki, əgər torpaqlardan istifadə olunmursa, geri qaytarılıb dövlətə, bələdiyyəyə verilməlidir.Yəni torpaqlar insanlara kənd təsərrüfatında məhsul yetişdirilməsi, istehsalı üçün verilib.Kimsə torpaqdan istifadə etmirsə, düz eləmir.Torpaqların belələrinin əlindən alınması üçün elektron kənd təsərrüfatından istifadə olunacaq.Yəni onların şəkli peyk vasitəsilə yuxarıdan çəkilir və məlum olur ki, min hektarlarla torpaqlar istifadə olunmur.Bu da bir yenilikdir.Onda sorğu-sual olunacaq ki, həmin torpaqlar kimindir və niyə istifadə etmir?Heç kəs bundan yayınıb torpağı əkmədən gizlədə bilməyəcək".
Ölkə başçısının məsələyə yenidən qayıtması onu göstərir ki, xüsusilə qanunsuz zəbt edilən torpaqlar məsələsində hökumət kifayət qədər qətiyyətli davranmaq istəyindədir. Bu isə problemin yaranmasında iştirak etmiş bir sıra məmurlara baha başa gələcək. Əmlak Məsələləri Dövlət Komitəsinin açıqlamasında torpaqların qanunsuz satışının icra başçıları tərəfindən həyata keçirildiyinin xüsusi vurğulanması onu deməyə əsas verir ki, biz yaxın vaxtlarda belə rayon rəhbərlərindən bir çoxunun cəzalandırılmasının şahidi ola bilərik.
Ona görə də yaxın vaxtlarda bəzi icra başçıları «vurularsa», yaxud daha kəskin şəkildə cəzalandırılarsa biz buna təəccüblənməməliyik. Həmin icra başçıları arasında kimlərin adları ola bilər? «Unikal» olaraq, bu mövzunu dərindən araşdırıb həmin suallara konkret cavablar tapmağa çalışacağıq. Odur ki, qəzetimizi izləyin.Hələliksə onu deyək ki, məsələn, Quba sakinlərinin sözlərinə görə, rayonda səfalı ərazilərdə hər addımbaşı hasara alınmış, amma istifadə edilməyən boş sahələr var. Hətta əkin, örüş, çay sahili, meşə kənarı, meşədaxili ərazilər də hasara alınıb. Qubanın Xınalıq, Qımıl kənd yolları boyu onlarla dəbdəbəli evlərin də, istirahət mərkəzlərinin də əhalinin istifadə edə biləcəyi yerlərdə ucaldığını görmək olar. Əksər bahalı imarətlər isə zəbt edilmiş yerlərdə inşa edilsə də, onlarda yaşayış yox idi. Dövlət başçısının işlək torpaqlarla bağlı məmurlara sərt iradı bəzi qurumları hərəkətə keçirib.Hələlik Qubada zəbt edilmiş torpaqlarda inşa edilmiş bahalı evlərin söküldüyü müşahidə edilməsə də, Əmlak Məsələri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, torpaqların qanunsuz tutulması ilə bağlı Xaçmazda 92, Qubada 83, Qusarda 74 qanun pozuntusu aşkar edilib, müvafiq qurumlara bildirişlər verilərək, protokol tərtib edilib.

Orxan Həsənli