Elman Rüstəmov "Birlik Bank"ı da müflis etdi
Elman Rüstəmov "Birlik Bank"ı da müflis etdi

Mərkəzi Bankın siyasəti aranı qarışdırıb

1 saylı bakı İnzibati İqtisad Məhkəməsinin qərarı ilə "Birlik Bank" ASC müflis elan edilib və müflislik prosesi başlayıb. Bu barədə dünən sosial şəbəkələrdə dünən məlumat yayılıb.

Yayılan məlumatlara görə, "PR VAM Beynelxalq Audit Konsaltinq" MMC bankın ləğvedicisi təyin edilib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilin yanvarında "Birlik Bank"ın lisenziyasını ləğv edib və qərarı bankın kreditorlar qarşısında öhdəliyə əməl etməməsi, aktivlərinin təhlükəsizliyini təmin etməməsi, bank qanunvericiliyini pozması, cari fəaliyyətin etibarlı olmaması, prudensial qaydalar əsasında həyata keçirilməməsi ilə əsaslandırıb. Bundan başqa, bank AMB-nin tapşırıqlarına əməl etməyib.
Qeyd edək ki, son vaxtlar AMB-yə qarşı mətbuat səhifələrində və müstəqil ekspertlər dilindən kəskin iradlar səsləndirilir. İddia edilir ki, Elman Rüstəmov rəhbərlik etdiyi qurum məqsədyönlü siyasəti nəticəsində ölkənin bank sektoru bir neçə əldə cəmləşdirilir. Buna sübuti kimi son iki ildə xeyli sayda bankın sıradan çıxarılması göstərilir.
Məsələn, 2010-cu ildə "Kövsərbank", "Eurobank" və "Debütbank"ın lisenziyaları ləğv edilib. Bir qədər əvvəl isə "Royal bank"ın lisenziyası dondurulub. Prosesin davamlı olacağı gözlənilir.
Mərkəzi Bankın bankları çökdürmə planı da ilgincdir. Bu barədə danışmadan əvvəl qeyd edək ki, Azərbaycanın bank sektoruna aid bankların bir hissəsinin fəaliyyəti tədricən öz relsinə düşsə də, digərləri dünya maliyyə böhranından sonra hələ də özünə gələ bilmir. Ölkə bankları arasında zərərlə işləyənlərin sayı artır. Fəaliyyətdə olan hər 3 bankdan biri yaxşı vəziyyətdə deyil və ya zərərlə işləyir. Bir qisim banklar istisna olmaqla, əksər banklarda kapitallaşma problemi yetərli səviyyədə öz həllini tapa bilməyib.
Amma ölkədəki bankların sayının sürətlə azalmasına əsas səbəb Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun yürütdüyü siyasətdir. Belə ki, Mərkəzi Bankın uçot dərəcəsi ilə kredit faizləri arasında məntiqi əlaqə mövcud deyil. Uçot dərəcəsinin azalması, kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcələrində demək olar ki, təsir göstərmir. Azərbaycanda kommersiya banklarının faiz dərəcəsi keçmış SSRİ məkanında ən yüksək dərəcələrdən biridir.
Bundan başqa, problemli kreditlər getdikcə artır. Korporativ idarəçilik sahəsindəki problemlər, korporativ müştərilərlə müqavilələrdə şəffaflığın olmaması, eləcə də daşınmaz əmlak bazarında sabit mürəkkəb vəziyyətlə bağlı problemli kreditlərin qaytarılması çətinləşir. İqtisadi amillərlə yanaşı, inzibati, yəni həm obyektiv, həm subyektiv amillər bank sektorunun problemlərini artırır. Təbii ki, bank sisteminin dayanıqlığının və fəaliyyətinin səmərəliliyini artırmaqdan ötrü böhrandan sonrakı dövrün tələbləri kontekstində zəruri tədbirlər görülməlidir. Beynəlxalq praktikada özünü doğrultmuş üsullardan yaradıcılıqla istifadə edilsə, az ağrılı yolla bank sektorunun dayanıqlığı artırıla, hazırkı bədbin gözləntilər tədricən nikbin perspektiv gözləntiləri məcrasına yönələ bilər. Amma Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bank bütün bu tədbirlərin görülməsində maraqlı təsir bağışlamır.
Səbəb isə ondan ibarətdir ki, yaxın vaxtlarda ölkənin bank sektorunun Elman Rüstəmovun özü də daxil olmaqla bir neçə əldə cəmləşdirilməsinə çalışılır. Elə bir çox bankların sıradan çıxarılması da həmin təmərküzləşmə prosesinin tərkib hissəsidir.
Azər Aslan