"İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Bakıda Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə təkbətək görüşdə deyib. 

"Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaqdır. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.

Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik", - dövlət başçısı bildirib.