Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları üçün ERASMUS+ EQAC layihəsi çərçivəsində “Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mövzusunda məlumat günü keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov,  rektor müşaviri Elvin Yusifli, layihə rəhbəri Flora Ələsgərova, ATMU-nun tərəfdaşı olduğu Bakı Biznes Universitetinin layihə meneceri Gülşən Bayramova, həmçinin layihə üzvləri və ATMU əməkdaşları  iştirak edirdi.

Tədbirin həyata keçirilməsində məqsəd layihənin iş planına uyğun olaraq, universitetin əməkdaşlarını EQAC layihəsi və Keyfiyyət Təminatı Mərkəzinin fəaliyyəti haqqında məlumatlandırmaq, layihə çərçivəsində həyata keçirilmiş İsveç, Vilnüs və London səfərlərindən öyrənilən təcrübələri bölüşmək, eləcə də atılacaq növbəti addımlar: sorğular, monitorinq və müvafiq tədbirləri müzakirə etmək, Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş Qrant proqramlarında iştiraklarının lazımı səviyyədə olmaması, bu sahədəki problemlərin həlli yollarının müzakirəsindən ibarət idi.

Tədbirdə “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” qanunu haqqında məlumat verilmişdir.Diqqətə çatdırılmışdır ki, həmin sənəd təhsilin keyfiyyətinin ölçülməsi meyarlarına müvafiq beynəlxalq standartlara - Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi və Ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsinə uyğun hazırlanmışdır. Sənəd təhsilin 8 fərqli səviyyəsi, o cümlədən bakalavr, magistr və fəlsəfə (və elmlər) doktoru səviyyələri üçün deskriptorları müəyyən etmişdir. Milli Kvalifikasiyalar Çərçivəsi qarşıdakı illərdə təhsilin keyfiyyətinin artırılması prosesində istifadə olunacaq əsas qanunvericilik aktlarından biri hesab olunur.
Müzakirələr zamanı tədrisdə keyfiyyətin ümumi prinsipləri, kompetensiyalar və təlim nəticələri, maraqlı tərəflərin müəyyən edilməsi və rəylərinin öyrənilməsi metodları,  təlim nəticələrinin, tədrisin, mənimsəmənin və qiymətləndirmə metodlarının əlaqələndirilməsinə dair məqalələrin beynəlxalq jurnallarda çap olunması məsələləri detallı müzakirə olunmuşdur. Layihənin məqsədi, Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və beynəlxalq standartlara uyğunlaşdırılması, təlim-səfərlər dövründə qazanılmış bilik və bacarıqlar barədə layihənin üzvləri E.Yusifli, F.Ələsgərova və S.Məmmədov iştirakçılara geniş məlumat veriblər.