Masallıda təsərrüfat sahibinin əmlakını məhv etməkdə təqsirləndirilən Allahşükür Əlirzayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Unikal.org xəbər verir ki, Masallı Rayon Məhkəməsinin sədri Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əlirzayev 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs olunub.

Qeyd edək ki, bir müddət əvvəl A.Əlirzayev Masallı rayonu, Hüseynhacılı kənd sakini A.Mahmudova məxsus təsərrüfatdakı kivi bağında suçu işləyib. Daha sonra o, həmin təsərrüfatda çoban işləyən X.Kərimovun qızı ilə nişanlanıb. Lakin lakin onun qısqanclıq hərəkətlərinə görə qız tərəfindən nişanı qaytarılıb. 

Bu işlə əlaqədar təsərüfatın sahibi A.Mahmudov qız tərəfin mövqelərini müdafiə edərək, onu təsərrüfatdan qovub.

A.Əlirzayev A.Mahmudovun bu hərəkətindən sonra ondan qisas almaq qərarına gəlib və onun mülkiyyətində olan təsərrüfatındakı bağda yetişdirilən 402 ədəd kivi ağacını istintaqa məlum olmayan kəsici alətlə qəsdən kəsərək məhv edib. O, zərərçəkmiş şəxsə külli miqdarda, yəni 52 min 260 manat dəyərində maddi ziyan vurub.

Xatırladaq ki, iş üzrə zərərçəkmiş şəxs Aşur Mahmudovun mülki iddiası baxılmamış saxlanıb. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş Aşur Mahmudov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətlərini təmin etməyib.