Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında Qurban bayramı münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Unikal.org xəbər verir ki, Baş Nazir Əli Əsədov məktubunda Türkiyənin Vitse-prezidenti və qardaş Türkiyə xalqını dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Baş Nazir Əli Əsədov Fuat Oktaya möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına bol ruzi və xeyir-bərəkət arzulayıb.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay məktubunda Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq tellərindən güc alaraq inkişaf edən ikitərəfli strateji əməkdaşlığın bütün sahələrdə daha da möhkəmləndirilməsi istiqamətində iki ölkənin hökumətləri arasında mövcud olan həmrəyliyi yüksək qiymətləndirib.

Vitse-prezident Fuat Oktay Türkiyənin qardaş Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək istiqamətində qətiyyətli mübarizəsini bundan sonra da dəstəkləyəcəyini deyib. “Bu məsələ ilə əlaqədar qərarlığımızı can Azərbaycana qarşı son günlərdə edilən hücumlar zamanı da dünyaya elan etdik”, - deyə Türkiyənin Vitse-prezidenti bildirib.  

Vitse-prezident Fuat Oktay Baş Nazir Əli Əsədova möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və xoş günlər arzulayıb.