31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına və şücaətlə döyüşərək şəhid olmuş və ya yaralanmış hərbi qulluqçularımızın ailələrinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qayğı göstərilir.

Unikal.org xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov Vətən Müharibəsində həlak olmuş şəhidlərin məzarlarını, sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına və şücaətlə döyüşərək şəhid olmuş və ya yaralanmış hərbi qulluqçularımızın ailələrini ziyarət edib.

Şəhid ailələri ilə görüşən RİH başçısı bir daha baş sağlığı verib, onları narahat edən sosial problemləri dinləyib və həlli istiqamətində müvafiq tapşırıqlar verib. Qazilərimizin səhhəti ilə maraqlanan başçı, onların sosial reabilitasiya dövründə səhhətləri ilə bağlı narahat edən bütün məsələlərinin diqqət mərkəzində olduğunu bildirib.

Qeyd edilib ki, şəhid və qazı ailələrinin sosial məsələləri rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir və bütün ehtiyacları barədə dərhal müraciət edə bilərlər.  Şəhid və qazı ailələrinə ərzaq yardımları edilib. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.