"Azərbaycanda ümumilikdə 14 cür müxtəlif soial təminat proqramından uşaqlar da yararlanmış olur. Bir çox hallarda bu, vətəndaşları maraqlandırmır. Onlar birmənalı şəkildə məhz uşaq pulu adı altında vəsaitin verilməsini istəyirlər".

Bu fikirləri son vaxtlar cəmiyyətdə müzakirələrə səbəb olan uşaq pulu məsələsi ilə bağlı Unikal.org-a açıqlama verən Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov bildirib.

Millət vəkili qeyd edib ki, hazırda müxtəlif sosial təminat proqramları çərçivəsində 600 minə qədər uşaq da dövlətdən bu və ya digər sosial müavinət alır: "Ünvanlı sosial yardım alan ailələrin uşaqları, fiziki məhdudiyyəti olan uşaqlar və sair. Ölkədə 322 mindən ünvanlı sosial yardım alanlar var ki, bunların da mütləq əksəriyyəti çoxuşaqlı ailələrdir. Ümumilikdə 14 cür müxtəlif soial təminat proqramından uşaqlar da yararlanmış olur".

Elman Nəsirovun sözlərinə görə, amma uşaq pulu məsələsi hər zaman aktualdır: " Bu məsələ tez-tez səsləndirilir. Bir çox hallarda vətəndaşları 14 cür vəsaitin verilməsi maraqlandırmır. Onlar birmənalı şəkildə məhz uşaq pulu adı altında vəsaitin verilməsini istəyirlər. 2016-cı ilə qədər belə vəsait verilib. İndi də bu məsələ çox müzakirə olunur. Bəzi müxalif dairələr də bundan siyasi məqsədlər üçün istifadə etmək istəyirlər. Qeyd edim ki, büdcəmizin 38-39 faizi sosial yönümlüdür".

Deputat uşaq pulu məsələsi ilə bağlı Milli Məclisdə də danışdığını söyləyib: "Mən uşaq pulu məsələsini Milli Məclisin plenar iclasında qaldırmışam. Söyləmişəm ki, 3 yaşına qədər olan uşaqlara uşaq pulunun verilməsi ilə bağlı məsələnin araşdırılması üçün parlamentin müvafiq profilli komitələrində komissiya yaradılsın, işçi qrup formalaşdırılsın. Bizim büdcə imkanlarımızın hansı yaşa qədər olan uşaqların bu vəsaitlə təmin olunmasına şərait yaratdığı müəyyən olunsun. Və ya differensial yanaşma tətbiq olunması ilə bağlı araşdırılma aparılsın. Yəni ailələrin gəlir səviyyəsinə görə uşaq pulu verilsin və ya verilməsin. Uçot aparılmalıdır, onlayn rejimə keçirilməlidir. Yəni uşağı olan bütün ailələrə yox, aylıq gəliri aşağı olan ailələrə belə uşaq pulu verilməsi məsələsinə baxıla bilər".

Coşqun Əli