Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Əsmər Hüseynovanın təşkilatçılığı ilə Vaşinqton, Los-Anceles və Boston şəhərlərində Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtinasına diqqəti cəlb etmək üçün məlumatlandırıcı aksiya keçirilib.
Komitədən Unikal.org-a bildirilib ki, üzərində “Minalanmış torpaqlarımızın xəritəsini istəyirik!”, “İnsan ölümlərinə son qoyulsun!", "Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir!", "Ermənistan, müharibə cinayətlərini dayandır!", "Uşaqlar mina qurbanı olmasın!" kimi şüarlar və fotolar yerləşdirilmiş led ekranlı yük avtomobilləri ABŞ şəhərlərinin mərkəzi küçələrində hərəkət edib.

Vaşinqtondakı aksiya Ağ evin qarşısını, Stanton Parkı, “Lafayette” meydanını, “City Center” Plazanı, “Farragut” meydanını, “CityCenter DC”, Linkoln parkı və digər ətraf əraziləri, Los-Anceles şəhərindəki aksiya “LA-Rodeo Drive”, “Sunset” Bulvarı, “Mulholland Drive”, “Hollywood” Bulvarı, “Melrose” prospektini, Boston şəhərindəki aksiya “Allstone Village”in əsas küçələrini, “Boudoin Geneva” küçəsini, “Brighton” ərazisini, “JP Centre”, “Mission Hill” və insanların ən sıx toplaşdığı digər məkanları əhatə edib.