Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri Prezidentin, Ali Baş Komandan İlham Əliyevin ətrafinda “Dəmir Yumruq” kimi birləşdi, düşməni “iti qovan kimi” torpaqlarımızdan qovdu. Azərbaycanın Qarabağ Zəfəri 30 illik həsrətə son qoymuş, öz müqəddəs torpağı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlmiş vətən sevgili şəhidlərimizin, gözləri həsrətlə doğma torpaqlarına baxan vətəndaşımızın arzularının təntənəsidir.

Bu çətin günlərdə biz tək deyildik. Qardaş Türkiyə dövləti və türk xalqı bizimlə idi və bu gün də bizimlədir. Müttəfiqliyimiz, birliyimiz əbədidir. Qələbədən sonra Şuşamızda imzalanan Bəyannamə dediklərimizin sübutudur. Türkiyə və Azərbaycanın qan qardaşlığı, can qardaşlığı əbədidir, keçmişdə olduğu kimi, gələcəkdə də davam edəcək, kimsə bizim aramıza nifaq toxumu səpə bilməyəcək! 

Şuşa Bəyannaməsi qardaşlığın rəmzidir, ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edən ali sənəddir. Bəyan olunduğu kimi, Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək iş birliyinin təminatıdır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” demişdi. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev “Türkiyə və Azərbaycan, bir millət, iki dövlətdir” söylədi.

Müttəfiqlik Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapması unikal hadisə, tarixi nailiyyətdir. Bu anlaşma bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Şuşa Fatehi də açıq şəkildə söylədi: “Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq!” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da mövqeyi sərrast oldu: “Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik”. Diqqət edin, Azərbaycana yönəlmiş  pis niyyətlilərə xəbərdarlıqdır Şuşa Bəyannaməsi! Şuşa Bəyyannaməsi əlaqələrimizin daha da genişlənməsinə yol açır, birgə layihələrə imza atacağımız anları yaxınlaşdırır.

   Könlüm keçir Qarabağdan,

   Gah o dağdan, gah bu dağdan

   Axşamçağı qoy uzaqdan

  Havalansın Xanın səsi,

  Qarabağın Şikəstəsi!

1989-cu illərdən başlayaraq hər dəfə "Qarabağ şikəstəsi", "Şuşanın dağları" mahnılarını dinlərkən qəlbimiz sızlayır, gözümüz yaşarırdı. Bu gün də gözlərimiz yaşarır, amma indi bu yaşlar sevinc göz yaşlarıdır. Azad olunmuş torpaqlarımıza qovuşmağımızın, həsrətin, nisgilin sonunu göstərən göz yaşlarımızdır. 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu düşmənə bir-birinin ardınca sarsıdıcı zərbələr endirdi və Qarabağımız işğaldan azad olundu. Bu döyüşlər təbii ki, qurbansız ötüşmədi, Vətən oğulları bu torpaqlarda şəhid oldular. “Vətən uğrunda ölən varsa vətəndir” kəlamını uca tutaraq Azərbaycan övladları düşmən üstünə getdilər və qalib gəldilər. Bu döyüşlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları da iştirak edərək qələbə səlnaməsinə öz imzalarını atdılar. Tanrı Şəhidlərimizə rəhmət etsin, Qazilərimizə can sağlığı versin!

Biz, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları Böyük Qələbəni bizlərə yaşadan Ali Baş Komandanımıza və Müzəffər Azərbaycan Ordusuna minnətdarıq, qarşılarında ehtiramla baş əyirik.

Qarabağ Azərbaycandır!!!

Aygün Məmmədova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin

Əcnəbi dillər kafedrasının müdiri, dosent