Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Gəncədə səfərdədir.

Unikal.org xəbər verir ki, rəsmi qonaq səhər saatlarında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb. Daha sonra Cahit Bağcı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Niyazi Bayramov səfiri salamlayaraq, onu Gəncədə görməkdən böyük şərəf duyduğunu bildirib. Rəsmi qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verən şəhər rəhbəri, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın yanında olan qardaş Türkiyə xalqı və hökümətinə öz dərin minnətdarlığını bildirib. O, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürkün sözügedən dönəmdə Gəncə əhalisinin yanında olduğunu xüsusi vurğulayıb. Baş konsulun Gəncənin raket atəşinə tutulduğu zamanlarda dərhal hadisə yerlərinə baş çəkdiyini, bütün şəhid dəfnlərində iştirak etdiyini, şəhər əhalisinin də bu nəcib davranışı yüksək qiymətləndirdiyini qeyd edib.

Səmimi qəbula görə şəhər rəhbərinə öz təşəkkürünü bildirən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, elm və mədəniyyət mərkəzi Gəncədə olmaqdan böyük məmmunluq duyduğunu bildirib. 

Rəsmi görüşdən sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Gəncənin Şəhidlər Xiyabanını ziyarət edib, əbədi məşəl abidəsi önünə əklil qoyub. O, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət edərək, onların xatirəsini ehtiramla yad edib.
Rəsmi qonaq Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə də baş çəkib. Niyazi Bayramov bildirib ki, Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində dəfələrlə raket atəşlərinə məruz qalıb. Nəticədə aralarında uşaq, yeniyetmə və qadın olmaqla 26 mülki şəxs həlak olub, 150-dən çox şəhər sakini yaralanıb. Yaşayış binalarına, evlərə, ticarət obyektlərinə, dini, mədəni və tarixi abidələrə, təhsil müəssisələrinə ciddi ziyan dəyib. 
Cahit Bağcı Nizami Gəncəvi məğbərəsi və muzeyini, həmçinin “İmamzadə” türbəsini ziyarət edib. Səfirin gün ərzində Azərbaycan Xalq Cümhuriyyəti və Nuru Paşanın ev muzeylərinə baş çəkəcəyi, Gəncə Dövlət və Azərbaycan Dövlət Aqrar Universitetlərində bir sıra görüşlər keçirəcəyi də gözlənilir.