"Ankara və Moskva Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsi üzərində işləyirlər, Avropa ölkələrinin tələbi ilə suallara aydınlıq gətirilir". 

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsinə gəlincə, iki ölkənin nazirlikləri bu layihə üzərində işləyir. Əslində bu təklif Avropaya ünvanlanıb, bu baxımdan Avropa ölkələrindən tələbat lazımdır. Hazırda belə tələbatın olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. İstanbulda keçiriləcək qaz forumu bu baxımdan əhəmiyyətli olacaq”, - Çavuşoğlu Ankarada italyan həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya Federasiyası və Türkiyə prezidentləri bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsinin ətraflı işlənməsi barədə göstəriş vermişdilər. Xüsusilə bu qovşaq vasitəsilə zədələnmiş “Şimal axını”ndan qaz nəqlini həyata keçirmək mümkündür. Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir, deyə Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, burada başqa ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir.

Gültəkin Ələsgər