Dövlət bayrağı gündəmə gətirilir
Dövlət bayrağı gündəmə gətirilir

Fazil Mustafa: “Bayraqda ən düzgün və ən harmonik məna çalarları məhz rənglərdə əksini tapıb”

İstənilən dövlətin atributları – himni, bayrağı, gerbi, milli valyutasındakı cizgilər kiminsə öz kefi və təxəyyülü əsasında uydurduğu təsadüfi işarələr yığını deyil. Bu simvolların hər biri ümumi milli psixologiyanın alt qatlarından zamana və məkana ünvanlanan mesajlardır və xalqın konkret tarixi kəsimdəki taleyi, qarşısında duran problemlərlə birbaşa səsləşir.

Buna görə dövlət atributları müqəddəs hesab edilir. Yəni onların qorunması, sayğı göstərilməsi tam şəkildə xalqın mənəvi-milli idealları ilə bağlıdır.
Yenidən bərpa edilmiş üçrəngli Azərbaycan bayrağı haqqında ümumilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir neçə mühüm dövlət sənədi imzalamışdır. Bu baxımdan ulu öndərin imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” 13 mart 1998-ci il tarixli sərəncamı, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu” (8 iyun, 2004-cü il) xatırlamaq yerinə düşər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında”sərəncam, dövlət başçısının ötən il sentyabrın 15-də imzaladığı “Azərbaycan Respublikası Prezidentinin standartı (bayrağı) haqqında” fərman, müxtəlif silahlı qüvvələrinin bayraqlarının təsdiq edilməsi barədə qanunlar və dövlət sənədləri Azərbaycanda bayrağa göstərilən hörmətin və ehtiramın nəticəsidir.
Azərbaycanın dövlət bayrağı qəbul ediləndən bu günə qədər ondakı simvollar və rənglər bir neçə dəfə müzakirə obyektinə çevrilib və hər dəfə də müxtəlif fikirlər səsləndirilib.
Bu yöndə növbəti analiz Ümid Partiyasının funksionerindən gəlib. Belə ki partiya sədrinin müavini Ruslan İzzətli Azərbaycan bayrağının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. Bununla bağlı o, partiyanın mətbuat xidmətinə açıqlama verib.
R. İzzətli Azərbaycan bayrağını ziddiyətli adlandırıb: "Azərbaycan bayrağı üç fərqli ideologiyanı və ya tezisi özündə cəmləşdirib, amma üçü də bir-birinə ziddir. Bayraqda mavi və yaşıl rəng bir-birinə ziddir. İslam dini ümmətciliyi qəbul etdiyi halda, necə ola bilər millətcilik - Türk milli kimliyi ilə bir arada olsun?! Bu mənim bayrağımıza sayğısızlığım kimi anlaşılmasın. Əsla bu cür deyil, sadəcə ideyamızın və istəklərimizin hər kəsə doğru çatdırılmasının tərəfdarıyam. İllərdir siyasət yalan tirbunası oldu və insanlar siyasətcilərə inanmadı və bu gün də bunun acı nəticəsini görürük. Biz, kütlə üzərimizə gəlsə belə, doğrunu deməli və doğruları insanlarımıza çatdırmalıyıq. Mən bu gün Azərbaycanda Cümhuriyyətin ilk bayrağı - qırmızı üzərində aypara və səkkiz guşəli ulduzun olmasını istərdim. Bu bayraq daha dolğun və daha düzgün olardı fikirlərimizi hər kəsə çatdırmaqda".
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa sözügedən məsələ ilə bağlı “Unikal”a bildirdi ki, “Fikrimcə, dövlət bayrağımızdakı rənglərin ifadə etdiyi məna tutumları bir-birinə ziddiyyət təşkil etmir. Əksinə, həmin bayraqda ən düzgün və ən harmonik məna çalarları məhz rənglərdə əksini tapıb. Yəni biz bir toplum kimi türk olaraq yaranmışıq, İslam əxlaqı və dünyagörüşü zəminində pərvəriş tapmışıq və müasir dünyanın önəmli dəyərlərini milli təfəkkürümüz vasitəsilə mənimsəyib özümüzünküləşdiririk”.
Millət vəkilinin fikrincə, bayraqdakı başqa bir simvol ciddi şəkildə müzakirə obyektinə çevrilə bilər: “Bayrağımızdakı Ay rəsmi batan Ayın əksidir və fikrimcə, batmaqda olan Ay tənəzzül, zəifləmə enerjisini ifadə edir. Bu barədə ciddi şəkildə düşünməyinə dəyər və bu simvol gələcəkdə hökmən dəyişdirilməlidir”.
Şakir Əliyev