Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
 
FHN-dən "Unikal"a verilən məlumata görə, yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, sahəsi 150kv.m olan restoranın ümumi sahəsi 96kv.m olan əlavə tikilmiş artırma hissəsinin yanar konstruksiyaları və bitişik, fəaliyyət göstərməyən restoranın ümum sahəsi 70kv.m olan əlavə tikilmiş artırmasının 35kv.m sahədə penoplasdan ibarət dam örtüyü yanıb. Yüksək temperaturdan binanın birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin 2 ədəd pəncərə çərçivəsi deformasiya edib. 
 
Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər sayəsində restoranların qalan hissəsi, bitişik obyekt və mənzillər yanğından mühafizə olunub. 
 
Yanğın zamanı xəsarət alan olmayıb.

*** 20:32

Paytaxtda yanğın olan ərazidə yol polisi əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edirlər.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

"Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb", - deyə məlumatda qeyd edilir. 

*** 20:16

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 

*** 19:44

Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilir.