"Çox maraqlı oyun alındı".

"Unikal" xəbər verir ki, bu sözləri "Neftçi" komandasının baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ"a 1:4 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının birinci hissədə yaxşı mübarizə apardığını bildirib: "Təəssüf ki, "Qarabağ" kimi komandaya qarşı səhv etmək olmaz. Əlimizdən gələni etməyə çalışdıq. Heç kim bu cür qollar buraxacağımızı gözləmirdi. Düşünürəm ki, 4:1 hesablı məğlubiyyət ədalətli nəticə deyildi".

Onun sözlərinə görə, bu matçdakı ab-havanın Azərbaycan Premyer Liqasının oyunlarında nadir hallarda göründüyünü söyləyib: "Özünüz də gördünüz ki, meydanda sonadək mübarizə getdi. Hər iki komanda üç xal üçün çalışırdı. Təəssüf ki, alınmadı".

Monteneqrolu mütəxəssis bu mövsümkü hədəflərinin ölkə çempionatını ikinci yerdə bitirmək olduğunu deyib.