"Sosial haqlar həm də pensiya kapitalı formalaşdırır. Biz bu gün sosial haqlardan azad etdiyimiz insanların pensiya kapitalında azad olunan sosial məbləği konpensasiya etmiriksə, avtomatik olaraq onlar pensiyaya çıxanda daha aşağı pensiya alacaqlar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, vergidən azad olmalar müsbətdir:

"Biz qeyri-neft və qeyri-dövlət sektorunda çalışanları gəlir vergisindən azad etmişik. Eyni zamanda dövlət və neft sektorunda çalışanlar gəlir vergisinə cəlb olunub. Məsələn, həm dövlət, həm də qeyri-dövlət səhiyyə müəssisəsi var. Qeyri-dövlət səhiyyə müəssisəsi vergidən azaddır, amma dövlət səhiyyə müəssisəsi vergidən azad deyil. Bu, müəssisələr arasındakı rəqabəti pozur. Dövlət sektorunda çaılşan daha çox, qeyri-dövlətdə çalışan isə daha az vergi ödəyir. Bu, ixtisaslı kadrların cəlb edilməsində çətinlik yaradır. Ona görə də vergidən azadolmalara yenidən baxılması vacibdir. Vergidən azadolmalar mülkiyyət növündən asılı olmayaraq heç bir sektorda rəqabəti pozmalı deyil".

Komitə sədri Musa Quliyev bildirib ki, özəl və dövlət səhiyyə müəssisəsinin xərcləri tamamilə fərqlidir: "Dövlət səhiyyə müəssisəsinin yenilənməsi, təmiri, avadanlıqların alınması, işçilərin əməkhaqqını dövlət qarşılayır. Amma özəl məcburdur ki, bunu özü etsin. Ona görə bu kifayət qədər ədalətlidir. Özəl sektorun inkişafı üçün dövlət dəstəyi olmalıdır. Vergidən azadolmalar da bu dəstəyin bir növüdür".

Anar Kəlbiyev