20 Sentyabr 2019
Hamilə qadınlarda təzyiqin qalxması nəyin göstəricisidir? - Dr. Alik Qurbanovla MÜSAHİBƏ
Hamilə qadınlarda təzyiqin qalxması nəyin göstəricisidir? -  Dr. Alik Qurbanovla MÜSAHİBƏ MÜSAHİBƏ 19:13 2017-02-05

"Baku Medical Plaza"nın ginekologiya şöbəsinin müdiri, cərrah-mama ginekoloq Dr. Alik Qurbanov Unikal.org-a müsahibə verib. O, müsahibəsində hamilə qadınların əziyyət çəkdiyi problemlərdən və digər mühüm məsələlərdən danışıb.

-Həkim, hamilə qadınlarda ən çox rast gəlinən problemlər və xəstəliklər hansılardır?

-Son zamanlar insanlar bizə ginokoloji problem olan sonsuzluqla bağlı müraciətlər edirlər. Bunun səbəblərini təəssüfki, deyə bilmirəm. Bu elmi araşdırma mövzudur. Hər zaman gənc mütəxəssislərə tövsiyyə edirəm ki, bununla bağlı rayonlarda araşdırma aparsınlar. Çünki, ən çox bizə bu problemlə bağlı rayonlardan müraciətlər olur. Ən çox müraciətlər Biləsuvar rayonundandır. Qeyd olunan problemin məhz bu rayonda hansı səbəbdən çoxluq təşkil etdiyini bilmirəm. Yaxın qohumların evliliyi, ekoloji amilin rolunun olması istisna deyil. Nədənsə, gənclər bu mövzu ilə məşğul olmaq istəmirlər. Bu istqamətdə gələcək üçün araşdırma aparmaq lazımdır.

-Hamilə qadınlarda təzyiqin oynaması nə dərəcədə risklidir? Təzyiq qalxması hansı səbəblərdən baş verə bilər?

-Təzyiqin qalxması hamilə qadınlarda bir növ allerqozun formasıdır. Bətndəki uşaq qadının bədənində əlavə zülaldır. Ona görə təzyiq oynamağa başlayır. Bu bir siqnaldır ki, bədən uşağı atmalıdır. Elə insanlar var bunu gec başa düşür. Bu zaman problemlər ortaya çıxır.
Əvvəllər hamilə qadın yüksək təzyiqlə xəstəxanaya daxil olan kimi həkim dərhal uşağı götürürdü. Amma indi iki saat ərzində müəyyən tədbirlər görülməlidir ki, təzyiq düşsün. Əgər təzyiq düşmürsə, o zaman hamilə əməliyyata alınır.

-Prieklampsiya və qestozun yaranma səbəbləri nədir?

Bayaq qeyd etdiyim kimi allergiya kimidir. Məsələn, hər hansı bir insanın almaya qarşı allerqiyası var. Alma yeyən zaman üzdə, bədəndə şişlər yaranır, vəziyyət pisləşir. Bu zaman bütün damarlar sıxılır. Alma yeməyə davam edildikdə problem yaranır. Təzyiq siqnal xarakteri daşıyır. Qestozda da belədir. Təzyiq qalxması bir mesajdır ki, uşaq qadının bədənindən çıxarılmalıdır.

-Qestozu və prieklamsiyanı hamiləlikdən əvvəl təyin etmək olurmu?

-Əlbəttə. Bir neçə testlər var ki, onların vasitəsi ilə hamiləlikdən əvvəl qestosun yaranma ehtimalını təyin etmək olur.

-Hamiləlikdən əvvəl uşağın oğlan və ya qız olmasının planlaşdırılmasının elmi izahı varmı?

-Mən hər zaman bununla bağlı gənc ginekoloqlar, eyni zamanda xəstələrlə mübahisə edirəm. Bu Allahın işinə qarışmaqdır. Bir neçə ilə əvvəl Azərbaycanda hamiləlikdən öncə uşağın cinsinin əvvəlcədən hesablanması və ya planlaşdırılması Avropada məsxərə ilə qarşılanıb. Övlad qız və ya oğlan olsun, Tanrının payıdır. Mən təklif edərdim ki, ümumiyyətlə bu məsələ qanuni şəkildə qadağan edilsin. 30 ildir bu sahədəyəm. Mənə də bununla bağlı müraciət edənlər olur. Ancaq hər zaman insanlara başa salmağa çalışıram ki, bu, yanlış bir addımdır.

H.Elbrusoğlu