Bu gün aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. 

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Vuqar Bayramov bildirib ki, bu isə son addımın yeni qiymət artımlarına səbəb olub-olmaması barədə suallar yaradıb:

"Qeyd edək ki, aksiz dərəcəsi 95-dən az oktan ədədi olan benzin üçün artırııb. Xatırladım ki, Nazirlər Kabinetinin 14 İyul 2017-ci il qərarı ilə, Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilmişdi və aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi. Son qərar faktiki olaraq bu ilin iyulunda endirilmiş dərəcələrinin əvvəlki səviyyəyə yüksəldilməsini nəzərdə tutur. Yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən üçün bu Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək". 

V.Bayramov deyib ki, həmin benzinlərə tətbiq edilən aksız dərəcələri dəyişdirilməyib. Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ 92 markalı benzindir:

"Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir. Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzinin istehsalı azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. 

Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzinlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə belə artımların iqtisadi əsası olmayacaq".