Xəbər verdiyimiz kimi, ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qarışıq döyüş növlərinin UFC kateqoriyası üzrə keçirilən yarışda mübarizə aparan Konor Makqreqor və Həbib Nurməhəmmədovun cəzası bəlli olub. Nurməhəmmədova 9 ay yarışlardan kənarlaşdırma və 500 min dollar pul cəzası, irlandiyalı Makqreqora isə 6 aylıq yarış qadağası və 50 min dollar pul cəzası verildiyi ifadə edilib.

Nurməhəmmədov bu qərara “instagram” hesabından etdiyi paylaşımda münasibət bildirib:

“Bütün bunlar bitəndə məni oyadın”.

Cəzalar ötən ilin oktyabr ayının 6-dan etibarən qüvvədədir. Həmin tarixdə keçirilən döyüşdə Nurməhəmmədov 4-cü raundda rəqibinə qarşı boğucu fənd işlədərək, qalib gəlmişdi.